!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?” – Vaqif Səmədoğlunun XATİRƏ GÜNÜDÜR

!Reklam – Yazi

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?
Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Yenicag.az xəbər verir ki, bu gözəl misraların müəllifi olan Xalq şairi Vaqif Səmədoğlunun xatirə günüdür. Bütün misralarının ardından boylanır Vaqif Səmədoğlu. Sağalmaz xəstəliyə mübtəla olub, xəstə yatağında ağrılarla qıvrılanda belə şair ölümü ələ salmağı, onunla zarafatlaşmağı bacarırdı. Bu da onun həddən artıq güclü insan olmasından irəli gəlirdi. Bəli güclü insan idi, şeirləri ilə ölümə meydan oxuyurdu. Özü də onu əzizləyə-əzizləyə, sevələyə-sevələyə, bəzən də lağa qoya-qoya.

Sonuncu dəfə onu Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində 75 illiyi münasibəti ilə keçirilən görüşdə görmüşdüm. Yəni ölümsüzlüyə adlayan gündən bir il öncə. Həmin görüş Vaqif Səmədoğlunun son görüşü idi. Xəstəliyin o mərhələsində idi ki, nəinki danışmağa, heç oturmağa belə taqəti qalmamışdı. Amma görüşün sonuna qədər oturmağa özündə güc tapa bilmişdi. Hətta şirin zarafatlarından belə qalmırdı. Gözəl bir gün idi, dostları onun barəsində xoş sözlər söyləyir, şeirlərini ipə-sapa düzürdülər. Bu şairin oxucuları, sevənləri ilə vida görüşü oldu.

Hərdən fikirləşirəm, görəsən, onun qədər ölümü belə poetik şəkildə vəsf edən ikinci şair varmı? Məncə yoxdur…

Saxlayın Yer Kürəsini,

Mən düşmək istəyirəm.

…Ay işığının sapsarı ipi düşmüş sularına dənizin

O ipi boynuma dolayıb,

Asmaq istəyirəm özümü aydan,

Ayağım altından bir kənara itələyərək

Yer kürəsini.

Şair kimi yox, şeir kimi ölmək istəyirəm…

Oxunmaq arzusuyla yaşayıram,

Əvvəldən axıra kimi oxunmaq…

Əzbər qalmaq istəyirəm kiminsə yadında!

Arzunuz çin olub Vaqif Səmədoğlu. Bu gün “Uzaq yaşıl ada”da yenə də tənhalığınızın dadını çıxarır, yenə də İlahi ilə dərdləşirsiniz. Orada bu dünyada şəninə şeirlər qoşduğunuz ölüm yoxdur, ölümsüzlük var. Burada isə yenə də arzuladığınız şair kimi yaddaşlarda əzbər qalmısınız. Şeir kimi oxunursunuz. Bizə isə şeir kimi söyləmək qalır, Şair.

Cəvahir

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv