“Amay” Abdullanın vəkilindən şok açıqlamalar

amayab4Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin vəkili Osman Kazımov mətbuat konfransı keçirərək, bəzi məlumatlar açıqlayıb.

Osman Kazımov konfransda bildirib ki, yüksək vəzifəli şəxslərə Abdulla Abdullayev haqda yalan məlumatlar verildiyinə görə o, 13 il müddətinə həbs olunub: “Onun həbs olunması şantaj xarakterlidir. Belə ki, bir çox yüksək vəzifəli şəxslərə onun barəsində yalan məlumatlar verilib. Ona görə də ona 13 il azadlıqdan mərhumetmə cəzası verilib. Halbuki dəymiş bütün ziyan ödənilib. Bu, digər şəxslərə aid olunsa da, Abdulla Abdullayevə şamil olunmur. Hakim hökmdə bunun A.Abdullayevə tətbiq olunmamasını qeyd edib.

Cinayət işi ilə bağlı bütün materiallarda zərəçəkmiş şəxslərin hamısına dəymiş ziyanların ödənilməsi öz əksini tapıb. Hətta “Texnika Bank”dan götürülən kreditin hamısı ödənilib. Sahibkarlığa Kömək Milli Fondundan isə götürülən kreditin bir qismi nəğd ödənilib.

Bu, məhkəmə prosesində hər iki qurumun nümayəndələri tərəfindən də təsdiq olunub. Amma yenə də Abdulla Abdullayevin “Texnika Bank”a və fonda olan borcu ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Bu, onu göstərir ki, məsələ qisas xarakterlidir. Kimlərsə bu işin arxasında dayanır. Məhkəmə proseslərində də irəli sürülən ittihamların heç biri öz sübutunu tapmayıb”.

Vəkil əlavə edib ki, Abdulla Abdullayev əmlaklarının əlindən alınmasını istəmir: “Hazırda ona məxsus əmlakların hamısı bankların nəzarətindədir. Əlimizdə olan bütün sübutların hamısını Apellyasiya Məhkəməsinə təqdim edəcəyik. Ümid edirik ki, son vaxtlar ölkəmizdə olan proseslər bu işə də müsbət təsir edəcək”.

Osman Kazımov qeyd edib ki, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə şikayətlərinə ədalətli baxmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb(Aznews).