Ukraynadakı böhranın HƏLL YOLU: "Zelenski hakimiyyətdən nə qədər tez uzaqlaşarsa..."
“Zelenski hakimiyyətdə olduğu müddətdə bu münaqişə həllini tapmayacaq”.
Bu fikirləri Ukraynadakı böhranın həll edilməsinin mümkün yollarından danışan politoloq Azad Məsiyev Yenicag.az-a açıqlamasında bildirib.
Politoloq Ukrayna Prezidenti Vladimir Zelenskinin istefasını labüd adlandırıb:
“Bu gün Ukraynanın düşdüyü vəziyyət bir nəticədir. Bu nəticəni aradan qaldırmaq üçün nəticəni doğuran səbəblərə aydınlıq gətirilməli və aradan qaldırılmalıdır. Zelenski hakimiyyətdə olduğu müddətdə bu münaqişə həllini tapmayacaq. Açıq şəkildə bu münaqişədə Rusiya qalib tərəfdir, həm hərbi həm də siyasi müstəvidə. Bu baxımdan, Rusiya – Ukrayna müharibəsi nə beynəlxalq hüquqla, nə də Ukraynanın Konstitusiyası çərçivəsində həllini tapmayacaq. Məsələ reallığa uyğun həllini tapmalıdır. Düşünürəm ki, Rusiyanın şərtləri diqtə edilməyincə bu müharibə bitməyəcək. Təəssüflər olsun ki, Zelenski yeni bir situasiya yarada bilmədi. O münaqişədən qaçmalı idi, amma, əksinə, Qərb tərəfindən qızışdırılaraq oyuna gətirildi və nəticədə Ukrayna böyük fəlakətlə üzləşdi. Zelenski Ukrayna xalqının və dövlətinin mənafeyinə uyğun davransaydı, mütləq şəkildə münaqişəyə girməməli idi”.
A. Məsiyev Ukrayna və Rusiya münaqişəsinin həllini Zelenskinin istefasında gördüyünü qəti şəkildə bildirib:
“Təbii ki, münaqişə sona çatmalıdır. Əgər Zelenski reallığı qəbul etməsə, bu, Ukraynaya yeni şəhər itkilərinə səbəb olacaq. Bu baxımdan Zelenski hakimiyyətdən nə qədər tez uzaqlaşarsa, münaqişə öz həllini tapa bilər”, – deyən politoloq qeyd edib ki, Ukraynada münaqişə dövründə seçkilərin keçirilməsi mümkündür.
Nurlan Cəfəri












