Amerikanın ticarət POKERİ: Bir “makler”in ambisiyaları və yaxud siyasi oyunların İKİNCİ PƏRDƏSİ – Rəfi Müslümov yazır

media-hightechnic-468x90

 

Donald Trampın ABŞ prezidenti kimi ikinci dönəmi dünya iqtisadiyyatını elə bir sarsıntıya sürükləyir ki, bu, artıq sadəcə siyasi ritorikadan ibarət deyil. Əksinə, bu, açıq-aşkar qlobal sistemə qarşı elan edilmiş müharibədir. Bir tərəfdən, Çinlə amansız iqtisadi mübarizəyə girişən Tramp, digər tərəfdən də İrana hərbi ritorika ilə gözdağı verərək özünün qeyri-sabit və aqressiv strategiyasını davam etdirir. Bu adamın ağlındakı planın miqyası kiçik deyil: o, ABŞ-ni İkinci Dünya müharibəsindən sonra əldə etdiyi hegemon mövqeyə qaytarmaq istəyir. Ancaq bu “böyük xəyal”ın gerçəkləşməsi üçün dünya iqtisadiyyatının “belini sındırmaq”dan da çəkinmir.

Trampın iqtisadi siyasətinin əsasını yüksək gömrük rüsumları təşkil edir. O, bu addımı Bayden administrasiyası və ondan əvvəlki dövrlərdə Çinin ABŞ məhsullarına qarşı tətbiq etdiyi tariflərə “cavab” kimi əsaslandırır. Amma bu, sadəcə bəhanədir. Əslində, Trampın məqsədi Çinin texnoloji və iqtisadi üstünlüyünü zəiflətmək, ABŞ-ni yenidən istehsal mərkəzinə çevirmək və qlobal ticarət sistemindəki rəqabət balansını öz xeyrinə dəyişməkdir. Lakin bu planın nəticələri o qədər də parlaq deyil. Yüksək tariflər ABŞ şirkətlərinin xərclərini artırır, istehlakçı qiymətlərini qaldırır və qlobal təchizat zəncirlərini darmadağın edir. Çin isə buna cavab olaraq öz bazarını daha da qapayır, alternativ ticarət tərəfdaşları axtarır və ABŞ-nin təzyiqlərinə boyun əymək əvəzinə müqavimətini gücləndirir. Nəticədə, Trampın “Amerikanı yenidən böyük etmək” (Make America Great Again – red.) şüarı dünya iqtisadiyyatını tar-mar edən bir xaosa çevrilir.

Trampın “makler” kimi düşünmə tərzi burada özünü tam şəkildə büruzə verir. O, iqtisadiyyatı bir poker masası kimi görür: ya hamısını qazanacaq, ya da masanı dağıdacaq. Ancaq qlobal iqtisadiyyat poker masası deyil, çünki bu, bir-birinə bağlı, mürəkkəb və kövrək bir sistemdir. Trampın bu sistemi öz istəyi ilə yenidən dizayn etmək cəhdi nəinki ABŞ-yə qələbə gətirmir, həm də müttəfiqlərini – Avropa İttifaqı və Yaponiya kimi ölkələri narahat edir. Onlar artıq ABŞ-nin bu qeyri-sabit siyasətindən bezib və öz maraqlarını qorumaq üçün alternativ yollar axtarırlar.

Trampın xarici siyasətindəki digər təhlükəli cəhət isə İrana qarşı aqressiv ritorikasıdır. O, İrana hərbi təzyiqlə yanaşı, sanksiyalar vasitəsilə bu ölkənin iqtisadiyyatını boğmağa çalışır. Bu, təkcə İran üçün deyil, bütün region üçün təhdiddir. İranın neft ixracına qoyulan məhdudiyyətlər qlobal enerji bazarında dalğalanmalara səbəb olur, neft qiymətlərini qaldırır və bu, öz növbəsində dünya iqtisadiyyatına əlavə yük gətirir. Trampın bu addımları ABŞ-nin Yaxın Şərqdəki hegemonluğunu bərpa etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bütün bunlara baxmayaraq, İran nəinki zəifləyir, həm də Rusiya və Çin kimi ölkələrlə əməkdaşlığını dərinləşdirərək Trampın planlarına qarşı daha güclü müqavimət formalaşdırır.

Bu gərginliklər dünya iqtisadiyyatını bir domino effekti ilə uçuruma aparır. Enerji qiymətlərinin artması istehsal xərclərini qaldırır, inflyasiyanı körükləyir və nəticədə qlobal böhran riskini artırır. Tramp isə bu barədə düşünmək əvəzinə, “Twitter”də (indi X) İran başda olmaqla bir sıra dünya liderlərinə sataşmaqla məşğuldur. Onun bu davranışı təkcə diplomatik gərginlik yaratmır, həm də ABŞ-nin beynəlxalq arenadakı etibarını daha da sarsıdır.

79 yaşlı Amerika liderinin bütün bu siyasətlərinin arxasında yatan əsas məqsəd ABŞ-ni yenidən dünyanın yeganə super güclü dövlətinə çevirməkdir. O, İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ-nin iqtisadi və hərbi qüdrətini özünə ideal götürüb. Lakin dünya dəyişib: Çin texnoloji cəhətdən liderliyə yüksəlib, Avropa öz yolunu çəkir, Rusiya isə hər fürsətdə ABŞ-ni zəiflətməyə çalışır. Odur ki, Trampın bu reallığı görməməsi və ya görmək istəməməsi onun siyasətini daha da təhlükəli edir. Qısacası. Beynəlxalq siyasətin oynanıldığı bu teatra şahidlik etdiyimiz dövrdə ikinci pərdədən sonra finalın necə bitəcəyini kimsə bilmir. Əlbəttə ki, ssenari yazanlardan başqa…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600