!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar ƏSƏDLİ: Cəhalətin qurbanları

!Reklam – Yazi

qqqCəmiyyəti bürümüş aqressiya gündən günə güclənir. Son dövrlərdə kriminal xəbərlərdə haqqında eşitdiyimiz qətl hadisələrinin səbəbləri insanı şoka salır. Avtobusda ayağı tapdalandı- öldürdü; it parkda üstünə hürdü- öldürdü; sözləri düz gəlmədi – öldürdü, blokda öpüşdü-öldürüldü, sevgilisindən ayrılmaq  istədi- öldürüldü və sair və i.

Bütün bu xəbərləri oxuyanda insanı dəhşət bürüsə də, hamı susur və kütləvi aqressiya hər gün daha da artır. Cəmiyyətdəki bu aqressiyanın səbəbləri nədir deyə düşünürsən.

Cəmiyyətlərin inkişaf tarixinə baxdıqda inqilablar və savaşlar olan ölkələrdə aqressiv halların gücləndiyini müşahidə etmək olar. Lakin belə cəmiyyətlərdə, adətən, savadlı təbəqə azlıq təşkil edir və əhalinin böyük hissəsi cahil olur. Lakin Azərbaycan cəmiyyətinin bu günkü vəziyyətinə nəzər salanda tamamilə əks mənzərənin şahidi olursan.
•    Birinci, 20 ildən çoxdur Azərbaycanda müharibə şəraiti atəşkəslə əvəz edilib.
•    İkinci, sərhəddə gedən doyüşlərin ab-havası paytaxtda hiss olunmur.
•    Üçüncü, Azərbaycan əhalisinin böyük bir hissəsi ali təhsillidir.
•    Dördüncü, Azərbaycanda artıq kökü 100 illiklərə söykənən sair və yazıçı birlikləri mövcuddur ki, bunların da birbaşa missiyası cəmiyyətdəki qaranlıq məqamları aydınlatmaqdır.

 

Bütün bunlara baxmayaraq adama hərdən elə gəlir ki, Azərbaycanda nə yazıçı var,  nə şair, nə alim. Ümumiyyətlə, ziyalı təbəqəsi yoxdur. Çünki olsaydı, susmazdı, baş verənlərin qarşısında fəryad edərdi. Barmaqla sayılacaq  yazıçı və şairlərimizi çıxsaq, qalanları ev-eşik, övladlarına vəzifə peşindədir. Aktyorlar bütün dünyada ən müxalif təbəqələrdən biri sayıldığı halda bizdə yenə də bir-iki istisna olmaqla ən yaltaq təbəqə onlarındı. Cəmiyyəti çalxalayan, ölkə üçün faciəvi durumlarda aktyorlarımız, yazıçılarımız susurlar.  Onlar cəmiyyətdəki qaranlıqda aydın ola bilmirlər. İllər öncə rəhmətlik Elçibəyin təşəbbüsü ilə yaradılmış aydınlar birliyi, təəssüf ki, bu gün müxtəlif səbəblərdən fəaliyyət göstərmir. Çünki Azərbaycanda fəaliyyət göstərmək ücün mütləq halda güc olmalısan. Lakin burda normal şəkildə- öz zəhməti hesabına güc sahibi olmaq, qanunlara riayət etmək təfəkkürü inkişaf etməyib. Hər kəs nəyin bahasına olur-olsun, güclənmək  və bu gücdən başqalarını əzib keçmək üçün yararlanmaq istəyir. Məhz, bu səbəbdən də Azərbaycanda fırıldaqçı rektorlara, reket jurnalistlərə, rüşvətxor və kobud məmurlara, əksəriyyəti savadsız və məsuliyyətsiz həkimlərə, hər yolla vergidən qaçan, sonra da həmin rüşvətxor məmurdan şikayətlənən iş adamına kifayət qədər rast gəlmək olar. Bu isə Azərbaycan cəmiyyətinin artıq belə hallarla barışdığının və qəbul etdiyinin göstəricisidir. Ən dəhşətlisi odur ki, qanunsuzluqlarla barışan və ona xidmət edənlərin ilk sırasında Azərbaycan müəllimi gəlir.

 

Son günlərdə jurnalist Rasim Əliyevin ölümü bütün bəlalarımızın bir-biri ilə zəncirvari bağlı olduğunu və təfəkkürümüzdəki boşluqları üzə çıxartdı.

 

Rasimin ölümündə günahkar kimdir? Bir gənc öldü. Bir neçəsi həbs olundu. Başqa bir gəncin karyerasına son qoyuldu. Məhv olmuş neçə həyat.  Qazanan kim oldu bu hadisədən¬?  Heç kim. Günahkar isə hamımızıq. Məhkəmə sistemini rüşvətlə idarə edənlər, bu sistemə güvən yarada bilməyən hakimiyyət, susan ziyalı, biganə qalan xalq.

 

Məsələ bir jurnalistin ölümünə gələndə hamı danışmağa başladı və yenə də məsələnin kökünə varılmadı. Suçlu axtarıldı və tapıldı. Hər şeyə güc sayəsində nail olmaq altşüurumuza yerləşib. Futbolçu həqiqətən jurnalist tərəfindən  heç bir təhlil aparılmadan, etikadan kənar ifadələrlə təhqir olunmuşdu. Jurnalist əlindəki qələmdən aqressiv şəkildə istifadə etmişdi. Azərbaycan jurnalistikasını dərindən araşdırsaq, çox az sayda professional jurnalistə rast gəlmək olar. Əksəriyyət qələminə cəmiyyətdə baş verən hadisələri təhlil edib nəticə çıxarmaq üçün deyil, şəxsi hiss və emosiyalarını ifadə edən silah kimi baxır. Baxmayaraq ki, bir əsrə yaxındır, BDU-da jurnalistika fakultəsi fəaliyyət göstərir, amma bütün sahələrdə olduğu kimi burda da böyük boşluq var. Jurnalisti, həkimi, müəllimi yerində olmayan bir cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə təhqir olunan şəxs məhkəməyə müraciət etmək əvəzinə yumruğunu işə salır. Çünki onun şüurunda dövlətçilik təfəkkürü yoxdur. Şəxsiyyəti təhqir olunmuş insanlar dövlətin məhkəmələrinə müraciət etməyin lazımlığını başa düşmürlər. Başa düşmürlər ki, dövlət onların bütün hüquqlarını, həyatını qoruyan bir qurumdur.

 

Məhkəməyə deyil, yumruğa müraciət edən vətəndaş üçün dövlət nə deməkdir?  Ona verilən imtiyazlar və onların yaratdığı hədsiz özünəgüvən hissi. Yüksək balla qəbul olunub, altı il universitet oxuyub  200- 300 manat maaş alan savadlı insanlar Azərbaycanda heç kimə örnək ola bilmir, amma şansı parlayan idmançıya sonsuz imkanlar yaradılır. Bütün dünyada idmançılar yaxşı qazanır, bunu bilirik. Ancaq heç yerdə onlara əlahiddə imkanlar yaradılmır. Vətəndaşlara yaradılan qeyri-bərabər imkanlar cəmiyyətdəki balansı pozur.  Balansı pozulmuş cəmiyyət isə yeni yaranan dövlət üçün yaxşı zəmin deyil.

 

Əslində inkişaf etmiş dövlətlərdə də şəxsi zəmində və sonu faciə ilə bitən mübahisələr olur. Lakin total şəkildə belə cəmiyyətlərdə şəxsiyyəti təhqir olunmuş insanlar məhkəməyə müraciət edirlər və hüquqları məhkəmədə qorunur. Bizdəkinin əksinə olaraq tanınmış idmançılar, aktyorlar, iş adamları, digər pula, gücə malik insanlar qanuna daha çox riayət etməyə çalışırlar ki, cəmiyyətlə aralarındakı balansı qoruya bilsinlər. Ona görə ki, malik olduqları sərvət və güc hakimiyyət tərəfindən onlara peşkəş edilməyib, onun üçün böyük əmək veriblər. Bu gücün də təhlükəsizliyini təmin edən qanunlardır. Bir cəmiyyətdəki insanlar əməklərinə görə yox, şanslarına görə dəyərləndirilirlər,  cəmiyyət üzvləri qanuna deyil, sahib olduqları gücə güvənirlər, o cəmiyyətdə dövlətə qarşı heç bir sevgi olmayacaq, dövlətçilik təfəkkürü formalaşmayacaq. Bu ölkədə hələ uzun müddət bayrağın nə olduğunu başa düşməyəcəklər, çünki hələ dövlətin nə olduğunu dərk etmirlər. Biz altşüurunda  dövlətçilik təfəkkürü hələ oturuşmamış bir toplum, bir xalqıq. Dövlət nədir, onun instansiyaları nəyə və necə xidmət edir?  Xalqımız bunu hələ tam anlamır.

 

“Azərbaycanlılarda vətənpərvərlik hissi çox güclüdür, amma dövlətçilik hissi inkişaf etməyib. Məhz, bu səbəbdəndir ki, bu vətən üçün ŞƏHİD olmuş insanın övladı dövlətin qanunlarına qarşı çıxır”

 

Dövlət və vətən anlayışları bəzən üst- üstə düşsə də, bunların arasında müəyyən fərq var. Vətəni sən seçmirsən. Amma yaşadığın dövləti seçə bilərsən, hətta qura bilərsən. Uzun illər vətənimiz vardı, dövlətimiz yox. Vətən təhlükədə olanda hər kəs ayağa qalxdı, onu qorumağa çalışdı, canından keçdi. 20 il bir dövlət üçün böyük bir yaş deyil, ancaq bu günə qədər yetişən nəsil artıq təfəkküründəki boşluqla formalaşıb. Lakin zaman dayanmır, yeni nəsil böyüyür. Onun şüurunda mütləq DÖVLƏT anlayışının təməli atılmalıdır. O bilməlidir ki, dövlət vətəndən daha üstün anlayışdır. Bilməlidir ki, dövlətin əsas məqsədi insana xidmət etməkdir. Bilməlidir ki, dövlətin də, insanın da başının çox üstündə milli bayrağı dalğalanmalıdır. İnsan digər canlı varlıqlardan fəqrli olaraq şüuru inkişaf etdikcə müəyyən icmalar qurmağa başlayır, müəyyən dəyərlərə söykənən cəmiyyətlərdə yaşayır. Hər inkişaf mərhələsində bu cəmiyyətlər daha da mükəmməlləşirdi. Onların dəyərləri özlərinə uyğun olurdu. Demək ki, cəmiyyət nə qədər inkişaf edirsə, bir o qədər yüksək dəyərlərə üstünlük verir.  Bəşəriyyətin indiyə qədər qurduğu ən mükəmməl cəmiyyət dövlətdir. Demək ki, dövlətin dəyərlər sistemi daha yüksəkdə durur. Onlar təkcə şəxsi maraqları yox, eyni zamanda bütün maraqları birləşdirən milli maraqlarda əks olunur. Məhz, bu səbəbdəndir ki, inkişaf etmiş dövlətlərdə dövlətə və onun bayrağına sevgi böyükdür.

Bütün tarixi araşdırsaq, bayraqsız dövlət tapa bilmərik. Yüksək Avropa dəyərlərindən danışanlar  ilk növbədə avropalıların öz dövlət bayrağına olan sevgilərini görməlidirlər. Bəlkə bu sevginin nəticəsidir ki, son iki əsrdə avropalılar başqaları ilə müqayisədə daha mükəmməl dövlətlər qura biliblər və qurduqları dövlətlərdə insan məhfumunu ən üst səviyyəyə çıxartdılar. Elə buna görə də inkişaf etmiş Avropa dövlətlərində zorakılıq halları başqaları ilə müqayisədə çox azdır.

Ümid edək ki, yaxın gələcəkdə biz də insana dəyər verən bir cəmiyyət qura biləcəyik və rasimlər daha ölməyəcək.

Xəbər365.com

www.yenicag.az

1640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv