!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan boşanmaların GÖRÜNMƏYƏN NƏTİCƏLƏRİ: "Televiziyalarda boşanmış qadınların təmtəraqlı həyatları sərgilənir, bu isə..."

!Reklam – Yazi

Yanvar ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 1.814 boşanma halları qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1.000 nəfərinə boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb. Ötən ay hər gün təxminən 59 ailə dağılıb.

“Boşanmaların kəskin şəkildə artmasında bəzən məşhur imzalar və tanınmış şəxslər boşanmanı təşviq edirmiş kimi təqdim olunur, xüsusilə də televiziyalarda.” – deyən sosioloq Üzeyir Şəfiyev Yenicağ.az-a boşanmaların kökündə duran əsas problemləri izah edib.

 

“Statistikadan da göründüyü kimi, artıq bir neçə ildir boşanmaların sayında artım müşahidə olunur. Təəssüf ki, yaxın gələcəkdə bu dinamikanın artması gözlənilir. Ancaq hesab edirəm ki, biz boşanmaların qarşısını almaq üçün bir sıra addımlar atmalıyıq. İlk növbədə, televiziyalarda və sosial mediada ailə dəyərlərini təbliğ edən layihələrə yer verilməli, dağılma həddində olan ailələrə yardım məqsədilə uyğun verilişlər hazırlanmalıdır. Eyni zamanda, bəzi verilişlər ailə dəyərlərini deqradasiyaya uğradır, ailə münaqişələrini efirə daşıyır və bu, potensial münaqişəsi olan ailələri boşanmaya qədər aparıb çıxara bilər. Belə verilişlərin qarşısı dərhal alınmalıdır. Efirlərdə ailə dəyərlərini, ailə ənənələrini təbliğ edən portret verilişləri təqdim edilməlidir. Bir neçə nəsil örnək ailələrindən portret verilişləri hazırlamaq faydalı ola bilər”, – deyə sosioloq qeyd edib.

Ü. Şəfiyev, münaqişəli ailələrlə sosial və psixoloji işin vacib olduğunu da söyləyib:

“Ailələrlə işləyən sosial işçi və psixoloqların akkreditasiyası və lisenziyalaşdırılması həyata keçirilməlidir ki, onlar ailə psixoloqu və sosial işçi kimi fəaliyyətə başlasınlar. Bu işlər aparıldıqda, münaqişəli ailələrdəki problemləri boşanma səviyyəsinə çatmadan həll etmək mümkündür. Əvvəllər buna ehtiyac yoxdur, çünki Azərbaycan cəmiyyəti özünü tənzimləyən ənənəvi bir sistemə sahib idi, ağsaqqal və ağbirçək arxetipləri vasitəsilə belə halların qarşısı alınırdı”.

Sosioloq, həmçinin ənənəvi cəmiyyətin zəifləməsi və ictimai qınağın azalmasının da boşanma hallarına təsir etdiyini vurğulayıb:

“Əvvəllər cəmiyyətin ictimai qınağı bu münaqişələri tənzimləyirdi və boşanmaların qarşısı alınırdı. Amma indi ənənəvi cəmiyyətin əsasları zəifləyib və artıq həmin arxetiplərin nüfuzu azalıb. Artıq insanlar ictimai qınaqdan çəkinmirlər və boşanmanı ailə faciəsi olaraq qəbul etmirlər. İnsanlar daha eqoist və hedonistik bir həyata meylləniblər. Əvvəl uşaqsız ailələrdə boşanma halları daha çox idi, amma indi uşaqlı ailələrdə də boşanma artıb. Bu, insanların artıq ailə qayğısı və uşaq baxımından imtina etməsi və daha çox eqoist həyat tərzinə yönəlməsi ilə əlaqədardır”.

O, əlavə edib ki, Qərbin təsirinin də boşanma hallarına təsir etdiyini və ənənəvi ailə strukturlarının zəiflədiyini bildirib:

“Əgər əvvəllər Azərbaycan cəmiyyəti patriarxal bir sistemə sahib idisə, indi bu ənənəvi cəmiyyət daha çox liberal təsirlərə məruz qalır. Burada şübhəsiz ki, Qərb güc mərkəzlərinin təsiri də var, çünki bu mərkəzlər ənənəvi cəmiyyətləri zəiflətmək üçün ailə institutunu hədəf alır. Gender bərabərliyi və qadın hüquqları adı altında qadınlar kişilərə qarşı qoyulmağa çalışılır və bu da ailə münaqişələrinə səbəb olaraq boşanmalara yol açır”.

Sosioloq dövlətin ailə strategiyasının və aztəminatlı ailələrə dəstək verdiyi layihələrin davamlı və dayanıqlı olması lazım olduğunu söyləyib:

“Dövlət aztəminatlı ailələrə dəstək verməyə davam etməli və gənc ailələrlə bağlı əlavə tədbirlər həyata keçirməlidir ki, ailə dayanıqlılığına töhfə versin. Buna görə də kompleks və koordinasiyalı fəaliyyətə ehtiyac vardır”.

Həmsöhbətimiz çıxış yolu olaraq həm kütləvi informasiya vasitələri, Ailə, qadın və uşaq komitələri, ailə böhran mərkəzləri, qeyri-hökumət təşkilatları ilə mütəmadi iş aparılmalı olduğunu əlavə edib.

“Güman edirəm ki, orta məktəblərdə və ali məktəblərdə ailə dəyərləri aşılanmalıdır. Hesab edirəm ki, belə layihələrin həyata keçirilməsinə televiziyalar və sosial media platformaları imkan verməməlidir. Gənclərə, xüsusən gənc ailələrə böhranlı vəziyyətlərdən çıxış yolları ilə bağlı məlumatlar verilməli, təlimlər keçirilməlidir. Ailə, sağlam bir sevgi əsasında qurulmalıdır, hesab və maraqla deyil”.

Bununla yanaşı, boşanmaların statistikasında saxta boşanma halları da mövcuddur. Çünki bəzi insanlar evləndikləri kimi, saxta şəkildə boşanırlar və bu da statistikaya təsir edir. Lakin ümumilikdə, boşanmaların statistikasında bir artım müşahidə olunur və bu tendensiya daha da davam edə bilər. Əvvəllər gənc ailələrdə boşanma halları çox idi, amma indi orta nəsil arasında da boşanma hallarının sayı artıb və bu, cəmiyyətin düşüncə transformasiyasını göstərir”, – deyə o, aydınlaşdırıb.

Eyni zamanda, Üzeyir Şəfiyev məşhur şəxslərin boşanmanı təşviq edən imic yaratmalarını da tənqid edib:

“Bəzən məşhur imzalar və tanınmış şəxslər boşanmanı təşviq edirmiş kimi təqdim olunur, xüsusilə də televiziyalarda. Xüsusilə boşanmış qadınların təntənəli və təmtəraqlı həyatları sərgilənir ki, bu da şübhəsiz ki, evdar qadınlara potensial münaqişəsi olan ailələrdəki qadınların həyatına təsir edir. Şou-biznesdəki təmtəraqlı həyatları təbliğ olunan insanlar öz həyatlarına marağı artırır. Lakin bu, yalnız aysberqin görünən tərəfidir, onun arxasında görmədiyimiz çətinliklər, problemlər və ağrılı nəticələr mövcuddur. Buna görə də belə verilişlərdə bu cür təqdimatlar yolverilməzdir. Bunun əvəzinə ailə ilə bağlı örnək verilişlər təqdim edilməlidir”.

Sosioloq cəmiyyətdə ailə dəyərlərinin yüksəldilməsi vacibliyini də vurğulayıb:

“Əvvəllər ailəli insanlara iş həyatında, karyerada daha çox üstünlük verilirdi və onlara xüsusi hörmət göstərilirdi. Bu hörməti yenidən bərpa etmək lazımdır. Bu da cəmiyyətdə ailə dəyərlərinin güclənməsinə və ailə institutunun möhkəmlənməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ailə institutunun güclənməsi üçün ardıcıl şəkildə cəmiyyət olaraq çalışmalıyıq, çünki bu, həm də Azərbaycan xalqının genetik təhlükəsizliyi, həm də milli təhlükəsizlik məsələsi anlamına gəlir”.

Məsimə Məmmədova

www.yenicag.az

297
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv