“Uzaq yaşıl ada”nın əbədi sakini – Vaqif Səmədoğlunun DOĞUM GÜNÜDÜR
“Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada…”
Yenicag.az xəbər verir ki, bu ölməz misraların müəllifi, Azərbaycan ədəbiyyatının nəhəng siması, Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.
Əminəm ki, o, bu gün də sevənlərini özünün “uzaq yaşıl ada”sından salamlayır. Əlində qələm, düşüncələrinin sonsuz dərinliyində yeni bir şeiri ağ vərəqə köçürməyə hazırlaşır bəlkə də… Bəlkə də şeirlə süslənən ruhu ilə baş-başadır, sahilə çəkilib dənizlə dərdləşir, yazılmamış misralarını ləpələrin qulağına pıçıldayır…
Şairlər ölməzdir. Vaqif Səmədoğlu da ölümün fövqündə dayanan, zamana meydan oxuyan söz adamıdır. O, arzularının limanında – “uzaq yaşıl ada”da yenə də tənhalığının dadını çıxarır, İlahi ilə baş-başadır. Onun “yaşıl ada”sında misralarında vəsf etdiyi ölümün qorxusu yoxdur. O, arzuladığı kimi yaddaşlarda əzbər qalıb, bir şeir kimi oxunmaqda davam edir:
“Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar…
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm…”
Siz sadəcə yaşamaq istəmirsiniz, Vaqif Səmədoğlu, siz şeir kimi yaşayırsınız. Kitab kimi vərəq-vərəq, misra-misra oxunursunuz. Bu gün doğum gününüzdür və ruhunuzun şənliyinə ən böyük sağlıqları da elə yazdığınız o ölməz şeirləriniz deyir.
Cəvahir












