Artur Sarkisyan deputat toxunulmazlığından MƏHRUM EDİLDİ
Ermənistan Milli Məclisi “Hayastan” müxalifət blokunun deputatı Artur Sarkisyan barəsində cinayət təqibinə başlamaq üçün razılıq verib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, qərar 62 deputatın lehinə, heç birinin əleyhinə səs verməməsi ilə qəbul edilib. Səsvermənin nəticələrini parlamentin Hesablama Komissiyasının rəhbəri Narek Babayan elan edib.
Bildirilib ki, müxalifətin hər iki fraksiyası – “Hayastan” və “Vətən” səsverməyə qatılmayıb.
Bu qərardan sonra Artur Sarkisyanın həbs olunması üçün parlamentin ayrıca bir gizli səsvermə keçirəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl, Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və katibi Artsvik Minasyan barəsində də cinayət təqibinə razılıq vermişdi.
Qeyd edək ki, hadisə Ermənistan siyasi dairələrində müxalifətə qarşı təzyiqlərin yeni mərhələsi kimi qiymətləndirilir.