Həyat yoldaşı Pərvanə Əhmədovanı öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun anası 3 azyaşlı nəvəsinin acınacaqlı vəziyyətdə olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə e-huquq.az-a danışan Səmayə Əhmədova deyib ki, hazırda onları narahat edən əsas məsələ azyaşlı uşaqların gələcək həyatıdır.
O bildirib ki, hadisə nəticəsində üç azyaşlı uşağın anaları vəfat edib, ataları isə həbs olunub ki, bundan da əziyyət çəkən yalnız həmin uşaqlardır: “Hazırda uşaqlar valideyn himayəsindən məhrum olunduqları üçün təhsildən geri qalırlar, sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Böyük nəvəm hadisənin nəticəsindən keçirmiş olduğu psixi gərginliklə bağlı özünə qəsd etmək istəyib. Bu səbəbdən mütəmadi olaraq həkim psixiatrın nəzarətindədir. Ortancıl uşaq hadisədən sonra özünə qapanıb və heç kimlə ünsiyyət yaratmır. 5 yaşlı kiçik nəvəm isə hadisənin mahiyyətini dərk etmədiyindən, anasının göylərə uçduğuna və tezliklə qayıdacağına inanır. Hazırda bu uşaqlara yeganə dəstək və dayaq olacaq şəxs varsa, o da atalarıdır”.
S.Əhmədovanın sözlərinə görə, F.Əhmədovun həyat yoldaşı P.Əhmədova da Ağır Cinayətlər Dair işlər üzrə Məhkəmənin əməkdaşı olub və onlar həmin məhkəmədə işlədikləri dövrdə tanış olaraq, ailə həyatı qurmaq qərarına gəliblər. O bildirib ki, oğlu ilə gəlini arasında ciddi narazılıqları və mübahisələri olmayıb. F.Əhmədov həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilinsə də, həmin qəsdin hansı səbəbdən yaranması məlum deyil.
“Ona görə də hazırda həmin hökmdən həm Fəqan Əhmədovun özü, həm də iş üzrə zərər çəkmiş kimi tanınmış Pərvanə Əhmədovanın atası tərəfindən apellyasiya şikayəti verilib və hər iki şikayətdə Fəqan Əhmədovun azyaşlı uşaqlarının gələcək taleyi nəzərə alınaraq, həbsdən azad edilməsi xahiş olunur. Hadisənin ilk günlərindən mərhumun ailəsi şikayətçi olmadığını bildirdikdə, sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən qınaq obyektinə çevrildilər, lakin hadisələrin gedişatı onu göstərdi ki, onların şikayətçi olmamasının arxasında hansısa bir məqsəd yox, məhz hadisənin ehtiyatsızlıqdan baş verməsi və azyaşlı körpələrin gələcək həyatıdır. Bütün bunları nəzərə alaraq, apelyasiya şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsindən ədalətli qərar verilməsinə böyük ümid bəsləyirik”, – deyə sabiq hakimin anası qeyd edib.
Xatırladaq ki, 30 may 2021-ci il tarixdə, saat 23 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivindəki bağ evində odlu silahdan açılmış atəş nəticəsində həyat yoldaşının vəfat etməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş Əhmədov Fəqan Rövşən oğlu həbs edilib və istintaqa cəlb olunub. Sonradan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və F.Əhmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, F.Əhmədov 1998-ci ildə ali hüquq təhsilini başa vurduqdan sonra Bakı şəhəri Səbail rayon Məhkəməsində məhkəmə iclas katibi olaraq əmək fəaliyyətinə başlayıb. 2000-ci ilin sentyabr ayından Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində, 2008-2011-ci illərdə Bakı şəhəri Xətai rayon Məhkəməsində müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə hakim vəzifəsinə təyin olunub və məlum hadisənin baş verməsinədək Bakı şəhəri Sabunçu rayon Məhkəməsində hakim vəzifəsində işləyib.
www.yenicag.az