Həyatda hər insanın bir xüsusiyəti olur. Bilmirəm, bu qazanılmış xüsusiyyətlərdir, ya doğuşdan, genetikadan gələn. Milli bayrağımızı, orta və ali məktəbləri, milli musiqi alətlərimizi, tarixi şəxsiyyətlərimizin rəsmlərini görəndə sevinirəm.
Özümdən asılı olmadan pozitiv emosiyalar yaranır məndə, daxilən güclənir, nikbinləşir və çox enerjili oluram. Neçə illərdir dostlarımın, tanışlarımın, həyatda heç bir ortaq, kəsişən nöqtələrimiz olmadığı adamların övladlarının, yaxınlarının, doğmalarının ali məktəbə qəbul olunduğunu görəndə ürəkdən sevinmiş, hər biri ilə öz balam uğur qazanmış kimi qürur duymuş, “şükür, şükür, şükür” deyə iftixar hissi keçirmişəm.
Bəli, biz o millət, o xalq, o cəmiyyət idik ki, ayrı-ayrı aydınlarımız kənd-kənd gəzir, zehni açıq olan balalarımızı təhsilə cəlb etmək üçün mental toplumla rəsmən savaşırdı. Amma indi özünüz baxın, millətin ən xoşu günlərindən biri DİM nəticələri açıqlayanda olur. Hər kəs sevinir, təbrikləşir, qəbul olunmayanlara ürək-dirək verir, gerçək bir snerji yaranır. Bu snerjinin mənbəyi mənim xalqımdır, bizik, bizim bir toplum olaraq hədəflərimizdir. Desək də, deməsək də, hamımızın içində millət üçün, dövlət üçün uğurlu insanlar, vətəndaşlar, kadrlar böyütmək və formalaşdırmaq əzmi var. Yenə Mirzə Fətəli Axundova xitab edəcəm, onun “mənim millətimin qabiliyyət və istedadı heç bir Avropa xalqından əskik deyil” sözlərini yada salacam. Xalq hikmətimiz də gerçəkdən mükəmməldir. Elm və sistemli tədqiqat, araşdırma ayrıdır, tamam, amma atalarımız bricə cümləlik sözlərinə böyük fəlsəfə sığışdırıblar, bu da önəmlidir. Amma ən önəmlisi sosial liftdir, yeni nəslin bir addım daha önə çıxması, ənənələrə istinad edərək yeni üfuqlərə can atmasıdır.
Mənim atam əlinin mazutu alnının tərinə qarışmış zəhmətkeş və halal bir Azərbaycan türküdür. Bu gün hər iki babamın, onların qardaş və bacılarının (həm ata, həm ana tərəfdən) BDU-da, AİU-da, “Slavyan”-da, ADU-da, ADA-da, ADNSU-da və digər universitetlərdə təhsil almaqda olan (məzunları demirəm) nəvə, nətciələrinə baxıram, maşallah, bir neçə 10-u keçib. Sadəcə, atamın birbaşa qanını daşıyan üç nəfər var BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tələbə olaraq. Daha nə olsun?
Bəli, millətimizlə, dövlətimizlə, prezidentimizlə qürur duymağa dəyər. Bir ölkədə sabitlik olmayandan, sosial dinamika, iqtisadi yüksəliş olmayandan sonra, təşəbbüs azadlığı praktikada özünü doğrultmayandan sonra istedadlar üzə çıxmır, biliklər nəsildən-nəsilə ötürülmür və tərəqqi yaranmır. Bizim Türkayın uğurunu da mən məhz bu aspektdən dəyərləndirir, sevincimə şərik olan hər kəsə sonsuz sayğı və təşəkkürlərimi bildirirəm. BİZ BİR MİLLƏT OLARAQ GÜCLÜYÜK!
Bu da bir taledir ki, Türkayın qəbul xəbərini bütün həyacanımla gözləməmə rəğmən, məhz həmin an mən Ermənistanla, düşmən ölkədəki siyasi qarşıdurmalarla bağlı analiz hazırlayırdım. Ən xoş, ən həyacanlı günlərimizdə belə, AZƏRBAYCAN MƏSƏLƏSİ övladlarımızdan irəlidə, öndə oldu! Bu üzdən də çox, çox, çox xoşbəxtəm!
Taleh Şahsuvarlı
www.yenicag.az