Bakı Atatürk liseyində Türk dünyasının görkəmli elm xadimi, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu Turan Yazqanın vəfatının 10-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin tanınmış ictimai-siyasi xadimlərinin iştirak etdiyi anım mərasimində Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazqan, “Atatürk” Liseyinin direktoru Eyləm Gültəkin, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxış ediblər.
İctimai xadim Turan Yazqanla tanışlığının uzun müddətə söykəndiyini bildirən Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı öz çıxışında bildirib ki, Turan hocanın illər öncə səsləndirdiyi fikirlər bu gün öz reallığını tapır.
Tədbir lisey şagirdlərinin səsləndirdiyi şeir və mahnılarla davam edib.
Qeyd edək ki, bu gün öz imkanlarını genişləndirən lisey Turan Yazqanın vəsiyyətinə əməl edir, bütün ideyalarının gerçəkləşməsi üçün çalışırlar.
www.yenicag.az