Milli Olimpiya Komitəsində Azərbaycan Atletika Federasiyasının (AAF) 2019-ci ilin yekunları keçirilib.
Yenicag.az xəbər verir ki, AAF prezidenti Çingiz Hüseynzadə açılış nitqi söylədikdən sonra federasiyanın baş katibi Məhərrəm Sultanzadə 2019-cu ildəki uğurlar haqda çıxış edib.
Məlum olub ki, 2019-cu ildə atletika ilə məşğul olan idmançılarımız ümumilikdə 28 beynəlxalq yarışda çıxış edib.
Bunlardan yeddisi qış mövsümündə, 21-i isə yay mövsümündə olub.
Bu yarışlarda idmançılarımız dörd qızıl, doqquz gümüş və doqquz bürünc medal (cəmi 22 medal) qazanıb. İdmançılarımızdan Nazim Babayev Qış Avropa çempionatının və Yay Universiadasının qalibi olmuş, U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Anna Skidan və Aleksis Kopelyo isə Dohada keçirilən Dünya çempionatında final mərhələsinə vəsiqə qazanaraq, yarışı yeddinci pillədə başa vurub.
Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib.
AAF-ın təqdim etdiyi mükafat aşağıdakı kimidir:
İlin idmançıları – Anna Skidan, Nazim Babayev
İlin gənc idmançısı – Rüstəm Məmmədov
İlin məşqçisi – Ziyad Xalfayev
İlin hakimi – Kənan Məhərrəmov
www.yenicag.az