Azərbaycanın beş qadın güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatında mübarizəyə qoşulub.
Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a verilən məlumata görə, yarışın dördüncü günündə Nəzrin Əhmədli (40 kiloqram) təsnifat mərhələsində rusiyalı Aleksandra Fyodorovaya 4:9 hesabı ilə məğlub olub. Rəqib digər güləşçilərə tam üstünlüklə qalib gələrək finala yüksəldiyi üçün Nəzrin bürünc medal qazanmaq şansı əldə edib. Əhmədli sabah təsəlliverici görüşdə belaruslu Anastasiya Kovalçukla qarşılaşacaq.
İlkanə Bayramova (46 kiloqram) debütdə finlandiyalı Cessika Tuominenlə bacarmayıb – 0:5.
Fatimə Bayramova (53 kiloqram) 1/8 finalda estoniyalı Lisette Boettkerə (9:3), 1/4 finalda isə ukraynalı İvanna Lukianenkoya (4:4) qalib gəlib. Bayramova yarımfinalda moldovalı Aleksandrina Barbanuadan güclü olub – 4:0. Fatimə finalda rusiyalı Olesya Malaxovayla güləşəcək.
Günay Qurbanova (61 kiloqram) 1/8 finalda belaruslu Varvara Aliseyenkanı (tuş), 1/4 finalda isə türkiyəli Özdenur Özmezi (11:4) mübarizədən kənarlaşdırıb. Günay almaniyalı Leoni Steyqertlə gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə son saniyələrdə qələbəni əldən verib – 6:7. Qurbanova sabah bürünc medal uğrunda Vanya Furmark (İsveç) – Qabriela Rudoy (Moldova) görüşünün qalibi ilə güləşəcək.
Zəhra Kərimzadə (69 kiloqram) ilk mərhələdə fransalı Lise Landuziyə uduzub – 0:8. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşdə litvalı Qreta Tverskite ilə üz-üzə gələcək.
www.yenicag.az