Avropa liderləri Gürcüstan hakimiyyətinə SƏSLƏNDİ

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk Gürcüstanın Müstəqillik Günü münasibətilə yaydıqları birgə bəyanatda Tbilisi hakimiyyətini ölkəni demokratik inkişaf yoluna qaytarmağa və müxalifət, eləcə də vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Exo Kavkaza” nəşri məlumat yayıb.

Məlumata görə, Avropa liderləri Gürcüstan xalqı ilə həmrəy olduqlarını, ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

“Biz Gürcüstan xalqının Avropa ailəsinin bir hissəsi olmaq istəyini əks etdirən demokratik və avroatlantik meyllərini dəstəkləyirik. Gürcüstan hakimiyyətinin demokratiyanı geriyə aparan, vətəndaş cəmiyyətinə, mediaya və tənqidçilərə qarşı yönəlmiş bütün addımlarını pisləyirik”, – deyə bəyanatda qeyd olunub.

Makron, Merz və Tusk Gürcüstanda ifadə və toplaşma azadlıqlarına hörmət olunmalı, güc tətbiqinin halları isə ciddi şəkildə araşdırılmalı olduğunu vurğulayıblar. Onlar həmçinin bildiriblər ki, Avropa standartlarına zidd qanunlar dəyişdirilməli, vacib islahatlara qayıdılmalıdır.

“Gürcüstan hakimiyyəti müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir”, – deyə liderlər əlavə ediblər.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin Albaniyada keçirilən sammitindən sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, Avropa liderləri Tbilisi ilə təmaslardan imtina etdikdən bir neçə ay sonra hökuməti ilə dialoqun vacibliyini dərk ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600