Avropa Oyunları barədə siyasilərin təəssüratları…
Asim Mollazadə: “Bundan sonra belə oyunları keçirəcək hər bir ölkə Azərbaycan təcrübəsindən bəhrələnməlidir”
Sabir Rüstəmxanlı: “İdmançılarımız gözlədiyimizdən də daha yüksək nəticələr qazandılar”
Araz Əlizadə: “Fəxr edirəm ki, bu proses Azərbaycandan başlayır”
Fazil Mustafa: “Ölkəmizin yarışlarda bu qədər yüksək nailiyyətlər qazanması hamını heyrətləndirdi”
Sabah Bakıda təşkil olunan I Avropa Oyunlarının bağlanış mərasimi olacaq. 17 gün ərzində köhnə qitənin 6 mindən çox idmançısı 20 idman növü üzrə güclərini sınadılar. Görəsən, siyasilər və millət vəkilləri bu oyunlarla bağlı nə kimi təəssüratlara malikdirlər?
Yenicag.az-a danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin fikrincə, bu oyunlarla Azərbaycan dünyaya yüksək təşkilatçılıq qabiliyyətini göstərdi: “Avropa Oyunları böyük bir idman və gənclik bayramı oldu. Azərbaycana gələn minlərlə qonaq ölkəmizlə, mədəniyyətimizlə tanış oldular. Maraqlı idman yarışları keçirildi. Azərbaycan idmançılarının uğurları da bu oyunlarda tarixi bir hadisəyə çevrildi. Bununla yanaşı oyunlar Azərbaycan gəncliyi üçün də gözəl bayram olması ilə yadda qaldı. Minlərlə Azərbaycan könüllüsü bu prosesdə iştirak edərək, maraqlı bir təcrübəyə yiyələndi. Bununla yanaşı yerli idmansevərlər yarışları izləyərək izdihamlı şəkildə ölkə idmançılarına, onların uğurlarına dəstək verdilər. Bu yarışlar Avropanın və Azərbaycanın gözəl bir idman və gənclik bayramı kimi yaddaşlarda qaldı. Oyunlar yüksək səviyyədə təşkil olunmuşdu. Bundan sonra belə oyunları keçirəcək hər bir ölkə Azərbaycan təcrübəsindən bəhrələnməlidir. Çünki, Azərbaycan Avropaya, dünyaya yüksək təşkilatçılıq səviyyəsini nümayiş etdirdi”.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yenicag.az-a verdiyi açıqlamada yarışlar barədə əsas təəssüratının yerli idmançılarımızın əldə etdiyi yüksək uğurlarla bağlı olduğunu söylədi: “İlk Avropa Oyunları artıq tarixə keçir. Bu oyunlar Avropanın, Azərbaycanın və Bakının tarixinə yazılır. Oyunlar təşkilatı və idman baxımından son dərəcədə yüksək səviyyədə keçdi. Azərbaycan qısa müddətdə müasir, texnoloji cəhətdən yüksək təsisata malik idman qurğularla təmin olunmuş oyun zallarını inşa etməyə nail oldu. Bununla ölkəmiz bütün dünyaya sübut etdi ki, Azərbaycan Avropanın ən inkişaf etmiş ölkələrinin idmançılarını layiqli şəkildə qarşılaya və kənar təzyiqlərə baxmayaraq oyunları yüksək səviyyədə keçirə bilər. Sevinirəm ki, Azərbaycan idmançıları da gözəl nəticələrə imza atdı. Hətta idmançılarımız gözlədiyimizdən də daha yüksək nəticələr qazandılar”.
ASDP sədri Araz Əlizadə də yarışların çox yüksək səviyyədə keçdiyini bildirdi: “Azərbaycan komandası gözlənilmədən daha yaxşı çıxış etdi. Bu yarışlar yeni bir tarixin əvvəlidir. Fəxr edirəm ki, bu proses Azərbaycandan başlayır. Ümidliyəm ki, Avropa Oyunlarının gözəl tarixi olacaq. Yarışların açılışı xalqımızın adət-ənənəsinə uyğun oldu. Mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi dünyaya çatdırdı. Ümid edirəm ki, yekun mərasimi də yüksək səviyyədə keçəcək”.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da oyunlar haqqında yüksək təəssürata malik olduğunu dedi: “Bu oyunlar Azərbaycanın idman potensialının nə qədər yüksək olduğunu ortaya qoydu. Ölkəmizdə idman bir qədər də kütləvi mahiyyət daşısaydı, daha böyük uğurlara imza atmaq olardı. Azərbaycan ümumi nəticələrə görə 2-ci yeri özünə təmin etmək ərəfəsindədir. Bunun özü də ölkəmiz üçün böyük uğurdur. Demək olar ki, Azərbaycan idman tarixində ilk dəfədir ki, belə bir böyük uğura imza atır. Ölkəmizin yarışlarda bu qədər yüksək nailiyyətlər qazanması hamını heyrətləndirdi. Bu idman ənənəsini davam etdirmək lazımdır. Həmçinin, ölkəmizin böyük bir təşkilatçılığa ev sahibliyi etməsi də mühüm uğur sayıla bilər. Bunun nəticələrini gələcəkdə başqa sahələrdə də görəcəyik. Azərbaycan sabah Olimpiya yarışlarının keçirilməsinə ev sahibliyi üçün müraciət etsə, ölkəmizin birinci mərhələni rahat keçdiyini söyləyə bilərik”.
Münasibətini öyrənmək istədiyimiz AXCP sədri Әli Kərimli və Müsavat başqanı Arif Hacılı telefonlarımıza cavab vermədi.
Elçin/Yenicag.az