“ABŞ-ın qeyd olunan ölkələrlə ikitərəfli münasibəti bir-birindən əsaslı surətdə fərqlənir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın sanksiya siyasəti və tələblərinə tuş gələn çoxsaylı ölkələrin ona qarşı vahid mövqedən çıxış edib-etməyəcəyinə münasibət bildirərkən politoloq Taleh Əliyev deyib.
Taleh Əliyev hesab edir ki, ABŞ-ın hazırda yürütdüyü siyasət Avropa Birliyinin maraqlarına da toxunur:
“ABŞ-ın Donald Tramp dönəmində yürütdüyü siyasətin hədəfində əsasən, Çin, Rusiya, eyni zamanda, Türkiyə və İran kimi ölkələr olsa da, bu siyasətin bir tərəfi də Avropa Birliyinin maraqlarına toxunur.
Amma bununla belə düşünmürəm ki, Avropa Birliyi ölkələri ABŞ-ın bu siyasətini neytrallaşdırmaq üçün Rusiya, Çin, İran, yaxud da Türkiyə ilə eyni mövqedə dayanmağa qərar versinlər. Digər tərəfdən nəzərə alınmalıdır ki, ABŞ-ın qeyd olunan ölkələrlə ikitərəfli münasibəti bir-birindən əsaslı surətdə fərqlənir.
Tələblərin mahiyyətinə varsaq, görərik ki, ABŞ-ın Avropadakı müttəfiqlərindən əsas istəyi iki istiqamətdədir: Hərbi xərclərin artırılması və iqtisadi güzəştlərə gedilməsi.
Amma Rusiya, Çin və yaxud İrana münasibətdə ABŞ-ın planları tamamilə fərqlidir. O cümlədən, Türkiyəyə qarşı yürüdülən siyasətin də fərqli cəhətləri var. Maraqlıdır ki, ABŞ-ın mövcud hakim komandasının heç də bütün təmsilçiləri Donald Trampın Türkiyə əleyhinə təzyiqlərini təqdir etmir.
Ortadakı reallıq bundan ibarətdir ki, Avropa Birliyinə daxil olan əsas ölkələrin ABŞ-ın hədəfində olan dövlətlərlə bir araya gələrək, Vaşinqtona qarşı cəbhə yaratmaları mümkün deyil. Belə bir işbirliyi istisna edilir”.
Politoloq Zərdüşt Əlizadə də mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirb ki, ABŞ-ın təhdidləri ilə üzləşən ölkələr heç bir halda ona qarşı vahid mövqedən çıxış etməyəcəklər:
“ABŞ-ın hazırda sanksiyalara məruz qoyduğu və yaxud tələblər irəli sürdüyü hər bir dövlətin özünün ayrıca və fərqli siyasi məqsədləri var. Ona görə də, onların Vaşinqtonun sözügedən addımlarına qarşı vahid mövqe tutacaqları, hərəkətlərini uzlaşdıracaqları heç təsəvvürə də gəlmir.
Əslində, Avropa Birliyi, Çin, Türkiyə, Rusiya və İranın da əlində bu sanksiyalara qarşı təkbaşına mübarizə aparmaq üçün müəyyən imkanlar var. Bu dövlətlər öz imkanlarından istifadə etməklə ABŞ-ın təhdidlərindən müdafiə oluna bilərlər”.
ELÇİN
www.yenicag.az