Avropa Ukraynaya QOŞUN YERİDİR – Gizli planın detalları İFŞA OLDU
Avropanın yanaşması Ukrayna və Qara dəniz sahilləri boyunca səmanın təhlükəsizliyini təmin etməyi, həmçinin yerdə “təhlükəsizlik qüvvələri”nin yerləşdirilməsini nəzərdə tutur. Bu plan həm gələcək hücumların qarşısını almaq üçün qoşunların cəbhə xəttindən uzağa yerləşdirilməsini əhatə edən “nümayiş” elementini, həm də Ukrayna ordusunun təlimi və yenidən qurulmasına yönəlmiş “yenidənqurma” istiqamətini özündə birləşdirir.
Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinin analitik məqaləsində qeyd olunub.
Qəzet yazır ki, Fransa və Böyük Britaniya qoşun yerləşdirməyə hazır olduqlarını bildiriblər. Lakin siyasətçilər nə qədər əsgərin səfərbər edilə biləcəyi və Rusiyanın sərhədi pozması halında necə reaksiya veriləcəyi ilə bağlı ciddi suallar qarşısındadırlar.
Rəsmilərin sözlərinə görə, bütün bu prosesdə ABŞ-ın hava qüvvələri və kəşfiyyat vasitələri əsas rol oynayacaq. Zelenski isə Ukraynanın silahsızlaşdırılmış “bufer zonası” yaradılması üçün əlavə ərazidən imtina etməsinə qarşı çıxır. Avropa rəsmiləri belə bir zonanın yalnız Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən çəkilməsi halında mümkün ola biləcəyini vurğulayıblar.
Rəsmilər planlara cəbhə xəttinin dondurulmasını və atəşkəsin peyklər, BMT sülhməramlıları və ya Rusiyanın dost hesab etdiyi digər müşahidəçilər vasitəsilə izlənilməsini daxil ediblər. Bu təşəbbüsün əsas dayağını Qərbin yeni silah axını və çoxillik maliyyə dəstəyi ilə gücləndirilən Ukrayna ordusu təşkil edəcək. Növbəti mərhələdə isə şəhər mərkəzləri və limanlarda Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi qüvvələr yerləşdiriləcək.
Diplomatların məlumatına görə, avropalılar həmçinin Kanada, Türkiyə və Yaponiya kimi tərəfdaş ölkələrlə əməkdaşlıq axtarır. Xüsusilə Türkiyənin Qara dənizdə təhlükəsizliyi təmin etmək baxımından mühüm mövqeyə malik olduğu vurğulanır.
Digər bir Avropa rəsmisi isə ABŞ-nin komandanlıq və nəzarət imkanlarını təmin etməyə, həmçinin Ukraynada hava hücumundan müdafiə sisteminə qoşulmağa hazır olduğunu bildirib. Lakin bu prosesdə amerikalı pilotların, yoxsa dronların iştirak edəcəyinə hələ qərar verilməyib.
Bununla belə, ABŞ rəsmiləri Amerikanın rolu barədə yekun qərarın qəbul edilmədiyini qeyd edir. Ağ Ev isə suallara cavab olaraq bildirib ki, bu məsələlərin açıq şəkildə müzakirəsi milli maraqlara uyğun deyil. Avropa tərəfi atəşkəsin uzunmüddətli perspektivdə qaçılmaz olacağına ümid edir. Bununla yanaşı, yaxın müddətdə təhlükəsizlik öhdəliklərinin Ukrayna prezidenti Vladimir Zelenskiyə əlavə dəstək verməsi gözlənilir. Bu dəstək ona Rusiya ilə mümkün ərazi güzəştləri barədə danışıqlara getdiyi təqdirdə Qərbin arxasında dayanacağına inam qazandıracaq.
Rafi Müslümov