“Bir neçə Avropa ölkəsinin Ukraynaya sülhməramlı qüvvələr göndərmək qərarı verməsi realdır”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
Analitik ABŞ və Rusiya nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən sülh danışıqları fonunda bir sıra Avropa ölkələri liderlərinin Ukraynaya sülhməramlı kontingent göndərməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.
M. Brayzaya görə, Böyük Britaniyanın sözügedən məsləyə sadiq olduğu aydındır:
“Çünki Baş nazir Kir Starmer artıq bu barədə açıqlama verib. Niderlandın da belə bir addım atmaq istəməsi gözləniləndir. Polşanın isə xüsusilə Baltikyanı ölkələrlə – Litva, Latviya və Estoniya ilə birlikdə bu prosesdə iştirak etmək arzusunda olacağı, demək olar ki, qətidir. Lakin əsas məsələ odur ki, belə bir addım siyasi baxımdan həssas ola bilərmi?
Təbii ki, Rusiya Ukraynada Avropa ölkələrindən sülhməramlıların yerləşdirilməsinə qarşı çıxacaq. Çünki Rusiyanın məqsədi Ukraynanı müstəqil dövlət kimi zəiflətməkdir, sülhməramlıların yerləşdirilməsi isə əksinə, Ukraynanın müstəqilliyini möhkəmləndirəcək.
Bununla bağlı yaxın zamanda danışıqlar aparılacaq və onların nəticəsinin necə olacağını indidən söyləmək mümkün deyil. Burada diqqət edilməli digər məqam isə ondan ibarətdir ki, əgər Avropa ölkələri Ukraynaya sülhməramlı qüvvələr göndərsə, bu, NATO bayrağı altında deyil, ayrı-ayrı dövlətlərin təşəbbüsü ilə həyata keçiriləcək”.
Rafi Müslümov
www.yenicag.az