“Avtobusların, hibrid və elektromobillərin və digər daxili yanma mühərrikli avtomobillərin idxalı rasional şəkildə asanlaşdırılmalıdır”.
Yenicag.az xəbər verir ki, ölkədə avtomobil idxalı ilə bağlı tələblərin sərtləşdirilməsinə münasibət bildirən nəqliyyat eksperti Ərşad Hüseynov Gömrük Komitəsinin bu yanaşmasının müvafiq dövlət siyasətinə zidd olduğunu deyib:
Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsi rəhbərliyinin sonuncu mətbuat konfransında toxunduğu əsas məsələ avtomobillərin dövriyyəsi oldu. Lakin konfransda səsləndirilən fikirləri real vəziyyətlə təhlil edərkən, ciddi ziddiyyətlər ortaya çıxır:
“Son üç-dörd ildə avtomobil idxalı ilə bağlı maliyyə-gömrük siyasətindən aydın olur ki, ölkəyə avtomobil idxalı şərtləri bir qədər də sərtləşəcək. Məsələn, yaşı 7-dən artıq olan avtomobillərin idxalının qadağan ediləcəyi bildirilir.
Elektromobilər və hibridlər üçün də hər hansı güzəşt və xüsusi təşviqdən söhbət getmir. Lakin cəmiyyətin mobilliyi təmin olunmalı və insanlar indiki dinamik zamanda nəqliyyat ehtiyaclarını ödəməlidirlər.
Kimsə deyə bilər ki, buyursunlar, avtobusla hərəkət etsinlər. Problem ondadır ki, avtobus parkı daha dəhşətli vəziyyətdədir. 2018-ci ilin yekununa əsasən, ölkəmizə 30 min 704 ədəd avtobus idxal olub (şəhərlərarası, şəhərdaxili marşrutlarda, ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsində).
Onların təxminən 80,2 %-nin (24 min 620 ədəd) yaşı 10 ildən yuxarıdır. Yol hərəkəti təhlükəsizliyinə ciddi qayğı göstərən ölkələr yaşı 10-dan artıq olan avtobusu sərnişindaşımaya buraxmır.
Ən maraqlısı odur ki, ötən il sıxılmış qazla işləyənlər istisna olmaqla, avtobuslara da aksiz vergisi tətbiq olundu, dizel və benzin mühərrikli avtobuslar üçün idxal gömrük ödənişləri xeyli artdı”.
Ərşad Hüseynov qeyd edir ki, mövcud acınacaqlı vəziyyətin yaxşılaşdırılması üçün hazırda qüvvədə olan vergi və rüsumlara, idxal şərtlərinə yenidən baxılmalıdır:
“Hazırkı yanaşma “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ortaya qoyulmuş siyasətə aşkar şəkildə ziddir.
Çünki Proqramda əhalinin mobilliyinin təmin olunması, ekoloji cəhətdən təmiz (hibrid, elektromobil və s.) nəqliyyat vasitələrinin idxalının və istifadəsinin stimullaşdırılması nəzərdə tutulur.
Avtobusların, hibrid və elektromobillərin və digər daxili yanma mühərrikli avtomobillərin idxalı rasional şəkildə asanlaşdırılmalıdır”.
Gülşən Şərif
www.yenicag.az