AXCP fəallarına qarşı təzyiqlər davam edir…
Partiyanın 6 üzvü həbs olunub; onlar arasında AXCP sədrinin cangüdənləri də var
Son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı təzyiqlər intensiv şəkil alıb. Partiyanın qərargahında baş verən müəmmalı partlayış və ardınca partiyanın qərargahdan çıxarılması bunlara bariz sübutdur.
Qeyd edək ki, bu hadisələr Milli Şuranın fevralın 26-sı “ Xocalı abidəsi”ni ziyarəti zaman polislərlə baş verən qarşıdurmadan sonra başlanıb. Nəticədə partiyanın 6 fəal üzvü saxlanıldı, müxtəlif inzibati həbs cəzaları aldılar. Həbs edilənlərdən Bəhruz Həsənli və Ağaverdi Ruşanov AXCP sədri Əli Kərimlinin cangüdənləridir. Digər həbs edilən fəallar İlham Hüseyn AXCP Gənclər Komitəsinin sədri, Türkel Əlisoy GK-nin idarə heyətinin üzvü, Təzəxan Mirələmli partiyanın Cəlilabad rayon təşkilatının sədri, Cabbar Savalanlı keçmiş vicdan məhbusudur.
Onlardan Bəhruz Həsənli, İlham Hüseyn , Təzəxan Mirələmli 27 fevral, Cabbar Savalanlı 1 mart, Ağaverdi Ruşanov 5 mart və Türkel Əlisoy 7 martda həbs ediliblər. Təzəxan Mirələmli 15 sutka, digərləri 20 sutka inzibati həbs cəzasına məhkum olunublar.
Həbsdə olan cəbhəçi fəalların son durumları ilə bağlı AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun fikirlərini aldıq. O bildirdi ki, saxlananlarla ancaq vəkil vasitəsilə əlaqə saxlamaq mümkündür: “ Onlarla daim əlaqə saxlamağa çalışırıq. Təbii ki, onların valideynləri və vəkilləri vasitəsilə əlaqə saxlamaq mümkün olur. Həbslər başladığı andan etibarən Əsabəli Mustafayev onların hüquqlarını müdafiə edir. Mütəmadi olaraq, hər gün təcridxanaya yemək , içmək və lazım olan şeyləri göndəririk. Hələ ki Türkel Əlisoya verilən işgəncələrdən başqa , həbsdəki üzvlərimizdən şikayət edən yoxdur”.
Natiq Ədilov həbslərin mahiyyəti barədə də danışdı: “ Biz partiya olaraq, bu həbslərin sifariş olduğunu bəyan etmişik. Onlara qarşı atılan şər-böhtanların səhv olduğunu özləri də bizdən yaxşı bilirlər. Bu həbslər biz cəbhəçiləri qorxutmur, əksinə daha mütəşəkkil mübarizə aparmağa sövq edir ”.
Xatırladaq ki, cəbhəçilərə qarşı təzyiqlər bununla bitmir. Partiya fəalları polis idarələrinə çağırılır, təqib olunur yaxud həbs olunaraq, müxtəlif pul cərimələri ilə mühakimə edilirlər. Belə ki, Anar Cəfərli və Füzuli Ovçuyev kimi gənc fəallar martın 9-u saxlanılmış , Anar Cəfərli 200, Füzuli Ovçuyev 250 manat cərimə olunmuşlar.
Sonda onu qeyd edək ki, Təzəxan Mirələmli martın 14-ü, Bəhruz Həsənli və İlham Hüseyn martın 19- u, Cabbar Savalanlı martın 21-i, Ağaverdi Ruşanov martın 25 və Türkel Əlisoy martın 27 -i azadlığa çıxacaqlar.