Aydın Hüseynov: “"Daşnaksütun" partiyası uydurma miflərə görə erməni xalqını uçuruma aparır”
“”Daşnaksütun” partiyası tarixdə olmayan miflərə görə erməni xalqını uçuruma aparır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat Ermənistanın paytaxtı İrəvanda təxribatçı əməllərlə tanınan “Daşnaksütun” partiyası üzvlərinin Türkiyə bayrağını yandırmasını sərt qınayaraq, qardaş ölkəyə açıq dəstəyini ifadə edib:
“İrəvanda Türkiyə bayrağının yandırılması qətiyyən yolverilməzdir; bu addım Türkiyə dövlətinə qarşı aşkar hörmətsizlikdir. Türkiyə bizim qardaşımızdır – biz “bir millət, iki dövlətik”. Türkiyəyə qarşı atılan hər hansı mənfi addım bizim üçün də qəbuledilməzdir və biz hər zaman qardaş ölkənin yanındayıq.
Erməni cəmiyyəti, xüsusilə “Daşnaksütun” partiyası illərdir qondarma “erməni soyqırımı” mifi ilə insanların beynini zəhərləyib. Tam aydındır ki, bu, heç bir tarixi həqiqətə söykənməyən yalan və uydurmadır. Aprel ayının 24-də belə bir aksiyanın keçirilməsi məhz ermənilərin özlərindən uydurduqları həmin qondarma tarixə söykənir. Real tarixdə belə bir hadisə baş verməyib və artıq erməni cəmiyyətinin özündə də bu miflərə inananların sayı kəskin azalıb. Bu partiyanın xisləti isə bəllidir müasir reallığı qəbul etməmək və köhnə xülyalarla yaşamaq “Daşnaksütun”un erməni xalqını uçuruma sürükləməsindən başqa bir şey deyil”.
Nurlan Cəfəri













