Dünyada zaman-zaman fərqli növ xəstəliklər yaranır və uzun sürən müalicələrdən sonra sağalır. Azərbaycanda isə ən sağalmaz xəstəlik Bakının yollarıdır. Bu xəstəliyin müalicə üçün uzun illərdir müxtəlif layihələr, müxtəlif qurumlar yaradıldı, fərqli metodlar icra edildi. Ən sonda isə 2021-ci ildə bu xəstəliyin aradan qaldırılması üçün AYNA (Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi) yaradılsa da, görünür, bu azar sağalmır ki, sağalmır.
Yenə eyni problemlər, yollardakı tıxaclar, parklanma problemləri, vətəndaşların parklanma adı ilə cibinə girməyə çalışmaq, işləməyən yeni nəsil aparatlar və s. Bu problemin müalicəsi artıq Azərbaycanda yox dərəcəsinə gəlib. AYNA yeni yaradılanda vətəndaşlar sevinirdi ki, artıq bundan sonra pullarını harada işlədiyi bəlli olmayan, əlində zolaqlı taxta hər yerdən çıxa bilən adamlara çatacağı yer məchul qalan pullar yedizdirməkdən, gözləmədikləri anda, fələyin belə cərimə yazmağı ağlına gətirmədiyi yerdə cərimə almaqdan, park etmək üçün Bakını ələk-vələk etməkdən canları qurtardı. Sən saydığını say, gör AYNA nə sayır.
İl olub 2025, bu problemlər olduğu kimi qalıb. Bu yetməyib yeni problemlər, pulyemə maxinasiyaları artıb. Bakının müxtəlif yerlərində parkinq üçün yeni növ aparatlar qoyulsa da, bu aparatların daha istifadə müddəti yarılanmadan sıradan çıxması, səhv işləməsi, artıq pul yazması və bu qurumun varlığı yoxluğuna şükür etdirir.
Bəzən vətəndaşlar hər hansı bir idarəyə, binaya daxil olub öz şəxsi problemlərini həll etmək üçün ilk öncə AYNA-nın ona yaratdığı problemi həll etməlidir. Məsələn, maşını küçənin o başında belə deyil, 3, bəzən 4-5 küçə uzaqda maşını saxlayıb taksi ilə gediləcək qədər yolu piyada getmək məcburiyyətində qalır.
Məsələn, mən Azərbaycan Dövlət Kukla Teatrına getmək üçün taksi ilə teatrın qarşısına gəlməli, orda taksini saxlatdırıb verdiyim 3-5 manatın əvəzində sürücünün ən az 20-30 manat cərimələnməməsi üçün qayıtmalıyam “Park Bulvar”a, orada taksidən düşüb piyada yol almalıyam Kukla Teatrına. Səbəb? Çünki AYNA da bu problemin həlini tapmır. Bu problemlər nə zaman həllini tapacaq? Hələ digər problemlər say-say bitməz. Bəzən vətəndaş öz evinin yaxınlığındakı fərqlənmə talonu ala bilmir, səbəb olaraq ərazidə parklanma yerinin olmadığını göstərirlər. Quruma müraciət edirsən, bəzən dəqiqələrlə, bəzən də saatlarla operatorun musiqisinə qulaq asıb feyziyab olursan, bu da işə yaramayanda məhkəməyə müraciət edib evin yaxınlığındakı parklanma yerinin var olduğunu quruma sübut etdikdən sonra o talonu sənə təqdim edirlər. Bəlli olur ki, ümumiyyətlə qurumun harda, hansı küçələrdə parklanma yeri olduğundan ya xəbəri yoxdur ya da vətəndaşlara ucdantutma eyni cavabı göndərib yola verirmişlər.
Son zamanlar AYNA-dan daha bir şikayət geniş vüsət alıb: ödəmə terminallarının işləməməsi və ya yanlış işləməsi. Sosial şəbəkələrdə bəzən vətəndaşlar şikayət edirlər ki, terminallar edilən ödəməni götürməyib yenidən ödəmə tələb edir, yenidən cəhd etdikdə isə vəsait ikiqat kart hesabından çıxır. Bəlli olur ki, elə ilk cəhddəcə ödəniş edilib, aparatın sistemi bunu dərk edə bilmir. Mənim sinif yoldaşım vardı, Riyaziyyat dərsində müəllim zarafat edəndə növbəti dərs olan Fizika dərsində başlayırdı gülməyə, ona da o zarafat o vaxt çatırdı. Deyəsən, AYNA aparatları da eyni problemi yaşayır, ya ödəmə edildiyi çatmır, ya da gec çatır.
Bəzən bu problemləri zarafatyana yazıb deyirik, danışırıq, amma, əslində, vəziyyət ağlamalıdır. Çünki qurumun bu həll edilməyən problemlərindən ziyan çəkən vətəndaşlar olur həmişə. Həm pulumuz cibimizdən artıq çıxır, getdiyimiz yerə gecikirik, həm də AYNA-nın parklanma yerini axtardığımız üçün heç çata bilmirik, əsəblərimiz yollarda pozulur, stress keçiririk, bu da sükan arxasında olan sürücünü qəzaya aparıb çıxarır, ya da ağlımıza gəlməyən daha neçə-neçə problemlərlə üz-üzə qalırıq.
Amma ən böyük problem həll edilməz olaraq qalır. AYNA-nın səhv göstərən güzgüsü… Bu problem nə vaxtsa həll ediləcək, Bakının bu xəstəliyinə çarə tapılacaqmı, yaşasaq, görəcəyik. AYNA-nın problemlərindən bir neçəsini sadaladıq, yazmaqla bitməz, oxucular isə bu problemlərin tamamını oxumaqdan yorular. Qurum o qədər problem içindədir ki, bu problemlərdən danışmaq, yazmaq üçün bir məqalə kifayət etmir. AYNA-nın növbəti qaranlıqlarına işıq tutmaq üçün məqaləni burda saxlayaq, ümid edək ki, qurum səsimizi eşidər, bu problemlərin həlli üçün addımlar atılar.
Hələlik bu qədər…
www.yenicag.az