Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə 27-29 noyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Yenicag.az xəbər verir ki, səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburqda təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda seminarda iştirak etməkdir. Quruma üzv olan 57 ölkənin nümayəndə heyəti, parlament assambleyalarının təmsilçiləri, seçki ekspertləri, seçki idarəetmə orqanlarının və komissiyalarının üzvləri, beynəlxalq təşkilatlar, seçki monitorinqini həyata keçirən QHT-lərin iştirak etdiyi tədbirdə seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqlar, müasir texnologiyalardan istifadə etməklə seçki prosesini təkmilləşdirmək və digər məsələlər müzakirə ediləcəkdir. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” haqqında məruzə ilə çıxış edəcək, ATƏT-in seçki müşahidə missiyası ilə bağlı təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaqdır.
Qeyd edək ki, Azay Quliyev 12 ölkədə ATƏT PA-nın seçki müşahidə qrupunun üzvü, Monteneqro və Makedoniyada ATƏT PA-nın Seçki müşahidə missiyasının rəhbəri, Qırğızıstanda isə Beynəlxalq Seçki Müşahidə korpusunun rəhbəri və ATƏT-in xüsusi koordinatoru olmuşdur.
www.yenicag.az