Azər Allahverənov: "Azərbaycanın şəhərsalma təcrübəsi qlobal müzakirələrin mərkəzindədir"
“Azərbaycanda keçirilən WUF13 yeni bir ənənənin əsasını qoyaraq, növbəti forumlara həmin ənənəni ötürmüş olacağıq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat Azərbaycanda keçirilən WUF13 reallıqlarını ön plana çəkərək, dünyaya örnək bir forumun şahidi olduğumuzu qeyd edib:
“Şübhəsiz ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının Azərbaycanda keçirilməsi olduqca vacib tarixi hadisə kimi dəyərləndirilə bilər. Bu tədbirin həm ölkəmiz, həm də qlobal kontekstdə əhəmiyyəti böyükdür. Şəhərsalmada Azərbaycanın çox güclü təcrübəsi var. Ölkənin beşdəbir hissəsində hazırda bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Bu, miqyasına görə olduqca geniş və əhatəli bir prosesdir. İşğal dövründə həmin ərazilər tamamilə dağıdılıb və onları yenidən normal şəhər halına gətirmək böyük zəhmət tələb edir. Azərbaycan müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başlayıb və ilk növbədə ərazilərin təhlükəsizliyini təmin edib. Ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib, yol infrastrukturu – həm beynəlxalq, həm yaşayış məntəqələrarası, həm də dəmir yolları yüksək səviyyədə bərpa olunub. Daha sonra ən müasir dövrün tələblərinə cavab verən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının yüksək səviyyədə tətbiqinin şahidi olmuşuq”.
Deputat Bakı şəhərində tarixi irsin qorunmasının beynəlxalq səviyyəli nümunə olduğunu vurğulayaraq, qonaqların bunu yüksək qiymətləndirdiyini bildirib:
“Qonaqlar Bakı şəhərinin tarixiliyinin qorunaraq saxlanılmasını xüsusi qeyd edirlər. İstənilən halda bu işlərin milli səviyyədə tanıdılması, yeni tərəfdaşların cəlb edilərək sahəyə investisiyanın artırılması, eləcə də beynəlxalq təcrübənin mənimsənilməsi baxımından bu forumun Azərbaycanda keçirilməsi çox vacibdir”.
“Dünyanın bir çox ölkəsində urbanizasiya prosesləri kifayət qədər yüksəkdir. Bəzi hallarda şəhərsalma konsepsiyasının icrası zamanı şəhərlər müxtəlif problemlərlə üzləşirlər. İstər şəhər modeli, əhalinin yerdəyişməsi, iqlim dəyişikliyi, enerji ehtiyaclarının təmin olunması, istərsə də məskunlaşma məsələlərində Azərbaycanın qabaqcıl təcrübələri var və bu forumdakı müzakirələrdə təcrübə mübadiləsi aparılması üçün çox əlverişli şərait mövcuddur”.
A.Allahverənov WUF13 forumunda əhəmiyyətli qərarların verildiyini də diqqətə çatdırıb:
“COP29-da olduğu kimi, bu forumda da çox vacib qərarlar qəbul edilir. Forumdakı iştirakçılıq spektrinə nəzər saldıqda görürük ki, Qlobal Cənub kifayət qədər geniş təmsil olunur. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr forumda çox aktivdirlər. Eyni zamanda, WUF tarixində ilk dəfə olaraq QHT forumunun keçirilməsinin şahidi olduq”.
Nurlan Cəfəri













