Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları davam edir. Yeniçağ.Az saytına danışan Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev idmançılarımızın çıxışlarını dəyərləndirməklə yanaşı, maraqlı fikirlər səsləndirib.
Əvvəlcə atletlərimizin çıxışını dəyərləndirən federasiya rəsmisi idmançılarımızın daha yaxşı nəticələrə imza atacaqlarına ümid etdiyini bildirib: ” İslamiadada ağır atletika üzrə millimizin üzvləri 3 medal qazanıblar. Bu medalları da qızlarımızın sayəsində əldə etmişik. Qazanılan 1 qızıl və 2 bürünc medaldan məmnunuq. Artıq bu gün mübarizəyə kişi atletlərimiz də qoşulacaqlar. İnanıram ki, onlar da fəxri kürsüdə yer alacaqlar.
Bundan başqa Azər Əliyev “Bakı-2017″də qızıl medal qazanan Anastasiya İbrahimlinin uğurundan da söz açıb:
“Sevinirəm ki, Anastasiya ümidlərimi doğrultdu. Çünki ondan medal gözləyirdik. Digər idmançılarımız – Səbinə Əzimova və Elnarə Abbasova da perspektivli idmançılardır, böyük gələcək vəd edirlər”.
Milli Olimpiya Komitəsinin baş katibinin müavini sonda idmançılarımızın ümumi çıxışını dəyərləndirib:
“İslamiadadakı nəticələrimizə görə yalnız Türkiyədən geri qalırıq. Fikrimcə, bu, gözəl nəticədir. Ancaq ümid edirəm ki, sonda biz birinci olacağıq. Hələ qarşıda boks, güləş yarışları üzrə final oyunları da var ki, bundan da maksimum yararlana bilərik. Azərbaycan idmançılarının bu uğuru gələcək nəsillər üçün stimul olacaq. Bu, həm də gənclərimizin idmana olan marağına təkan verəcək.”
Emin Səfərov
Yeniçağ.az
www.yenicag.az