Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Azərbaycan Belarusdan yeni silahlar ala bilər” – Hərbi ekspert

“Hesab edirəm ki, baş qərargah rəisinin Belarusa bu dəfəki səfəri sıradan bir səfər deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun Belarusa səfərinin mümkün məqsədlərini şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərovun fikrincə, Baş Qərargah rəisinin Belarusa səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın uğurlu inkişafının göstəricisidir:

“Belarusun hərbi-sənaye kompleksi istər Sovet dönəmində, istərsə də hal-hazırda mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Belarus hər zaman Azərbaycana dəstək olub və bu da səbəbsiz deyil. Bu ölkənin rəhbərliyi onlar üçün ağır dövrlərdə Azərbaycanın Belarusa göstərdiyi təmənnasız yardımı heç vaxt unutmur. Məhz həmin maddi yardım sayəsində Belarus özünün bəzi ciddi problemlərini həll edə bildi.

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, həmin blokda təmsil olunan işğalçı Ermənistan rəsmi Minskin zaman-zaman Azərbaycana dəstəyindən narahatlıq keçirib. Lakin Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, Azərbaycan Minsk üçün çox önəmli bir ölkədir və Bakının dəstəyini heç zaman unutmayacaqlar.

Bu kontekstdə də Azərbaycan öz müdafiə və təhlükəsizliyinin təmin edilməsi üçün son zamanlar Belarus istehsalı olan müasir silah-sursat əldə edib. Bu sırada xüsusi qeyd edilən “Polonez” raket kompleksləri artıq Azərbaycan Silahlı Qüvvələrinin arsenalındadır. Bakı Minskdən başqa mühüm hərbi sursatlar almağı da planlaşdırır. Heç kimdən heç nəyi gizlətmirik. Məqsədimiz Azərbaycan ordusunun hərbi qüdrətini və döyüş qabiliyyətini gücləndirməkdir. Bu məqsədlə müxtəlif ölkələrlə, o cümlədən Belarusla danışıqlar aparılır.

Bundan başqa, nəzərə alınmalıdır ki, Baş Qərargah rəisi müdafiə nazirinin birinci müavini olmaqla yanaşı, həmçinin ordunun döyüş hazırlığına birbaşa məsuliyyət daşıyır. Böyük ehtimalla, onun bu səfəri Belarusun Azərbaycana təklif etdiyi yeni müasir hərbi avadanlıqlarla tanışlıq və bu barədə qərarın qəbulu üçün hökumətə məlumat verilməsi ilə bağlıdır. Bu baxımdan, Baş Qərargah rəisinin Belarusa səfərinin böyük önəm daşıdığı şübhəsizdir.

Yəqin ki, səfərin nəticəsi kimi bu ilin sonu və ya gələn ilin əvvəllərində müəyyən ikitərəfli müqavilələrin imzalanması, onların nəticəsində Belarusdan daha müasir silah-sursat alınması planlaşdırılır”.

Qeyd edək ki, Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belarus müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdədir.

ELÇİN

www.yenicag.az

2005
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS