Vüqar İskəndərov: "Avropa Azərbaycanı etibarlı strateji tərəfdaş kimi görür"
“Avropa Azərbaycanı etibarlı strateji tərəfdaş kimi görür.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı iqtisadi və siyasi gücü kimi Azərbaycanla münasibətləri yalnız enerji əməkdaşlığı çərçivəsində deyil, həm də nəqliyyat, logistika, yaşıl enerji, sənaye kooperasiyası və regional təhlükəsizlik müstəvisində inkişaf etdirmək niyyətini nümayiş etdirir.
Onun sözlərinə görə, görüşün əsas geostrateji mesajlarından biri Azərbaycanın Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilməsinin Avropa tərəfindən qəbul olunmasıdır:
“Orta Dəhlizin görüşün gündəliyində xüsusi yer tutması göstərir ki, Avropa Çin–Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa marşrutunun inkişafında Bakının rolunu strateji əhəmiyyətli hesab edir. Bu isə Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də qlobal logistika və ticarət zəncirinin əsas həlqələrindən biri kimi mövqeyini daha da gücləndirir.”
Vüqar İskəndərov vurğulayıb ki, Almaniya Prezidentinin Azərbaycanı və Almaniyanı mürəkkəb beynəlxalq şəraitdə “sabitlik adası” kimi xarakterizə etməsi, eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirməsi rəsmi Berlinin Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında Bakının konstruktiv rolunu qəbul etdiyini göstərir.
Deputatın fikrincə, görüş həm də Avropaya ünvanlanan siyasi mesajdır:
“Son illərdə enerji böhranı, qlobal təchizat zəncirlərində yaranan problemlər və beynəlxalq təhlükəsizlik riskləri fonunda Azərbaycan etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib. Almaniya ilə yüksək səviyyəli siyasi dialoq göstərir ki, Avropa Azərbaycanın geosiyasi əhəmiyyətini yalnız enerji amili ilə məhdudlaşdırmır.
Eyni zamanda bu görüş digər beynəlxalq aktorlara da mühüm siqnaldır. Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirərək həm Avropa İttifaqı, həm Türk dünyası, həm də Asiya istiqamətində əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. Bu çoxşaxəli diplomatiya ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu regional sabitliyin və iqtisadi inteqrasiyanın əsas iştirakçılarından birinə çevirir.”
Vüqar İskəndərov hesab edir ki, Bakı–Berlin dialoqunun intensivləşməsi yaxın dövrdə iqtisadiyyat, yüksək texnologiyalar, yaşıl enerji, sənaye və investisiya sahələrində yeni layihələrin reallaşmasına zəmin yaradacaq və Azərbaycan–Almaniya strateji tərəfdaşlığını daha yüksək səviyyəyə qaldıracaq.
Nurlan Cəfəri













