Gömrük generaliteti: Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ
1992-ci il təvəllüdlü bir məmur. 34 yaş. General-mayor ali xüsusi rütbəsi. Dövlət Gömrük Komitəsi sədrinin müavini. Bu faktlar artıq təkcə bioqrafiya deyil, ictimai sualdır. Çünki söhbət sıradan bir yüksəlişdən yox, “sistem sürətindən” gedir. Bu sürət isə Azərbaycanda çox nadir hallarda istedadla, əksər hallarda isə himayə ilə izah olunur.
Prezident İlham Əliyevin sərəncamı ilə general rütbəsi alan Fuad Elxan oğlu Məmmədov hazırda ölkənin ən gənc generalı kimi təqdim olunur. Amma cəmiyyətin verdiyi sual tamam başqadır: Bu qədər qısa vaxtda bu qədər yüksəliş nə ilə izah olunur?
“Uzun illər gömrükdə çalışıb” ironiyası
Rəsmi təqdimatda “uzun illər gömrük orqanlarında çalışıb” ifadəsi xüsusi vurğulanır. Rəqəmlərə baxaq: 2015-ci ildə gömrüyə qəbul olunur, 2025-ci ildə artıq general-mayor və sədr müavinidir. Cəmi 10 il… Bunun içində hərbi xidmət, akademiya, müəllimlik, doktorantura, beynəlxalq nümayəndəlik, idarə rəisliyi və nəhayət, general rütbəsi var.
Bu, artıq karyera deyil, “slayd-şou”dur. Normal dövlət sistemlərində bir məmur bu mərhələlərin yalnız birinə illərini verir. Burada isə sanki CV yox, reklam bukleti oxuyuruq. “Uzun illər” ifadəsi 34 yaşlı məmur üçün işlədilirsə, bu ya riyaziyyat səhvidir, ya da açıq istehza.
General rütbəsi: Xidmətə görə, yoxsa təqdimata görə?
Bundan əvvəl ölkənin “ən gənc generalları” kimi tanınan Babək Ələkbərov və Fərid Əliyev bu ali rütbəni 36 yaşında almışdılar. İndi isə həmin “rekord” da yeniləndi. Lakin rəqəmlərin kiçilməsi sualların miqyasını böyüdür: General olmaq üçün hansı fövqəladə xidmət göstərilib?
Bu bioqrafiyada Qarabağ döyüşləri yoxdur. Ön cəbhə yoxdur. Müharibə meydanında qərar verən, risk alan, can qoyan bir yol görünmür. Əvəzində yalnız kabinetlər, idarələr, təqdimatlar və beynəlxalq görüşlər var.
General rütbəsi, ənənəvi olaraq, xüsusi xidmət, fövqəladə məsuliyyət və ağır risk anlamına gəlir. Maraqlıdır, burada risk nə olub? Sənəd imzalamaq? Tarif cədvəli təsdiqləmək? Yoxsa gömrükdən keçən vətəndaşın cibində nəsə axtarmaq? Hər kəs, elə gömrükçülərin özləri də etiraf edirlər ki, bu sahədə problem heç vaxt əskik olmur. Bəlkə gənc dostumuz gömrükdə korrupsiyanın kökünü kəsəcək hansısa “ixtira” edib, bizim xəbərimiz yoxdur?
Qarabağ reallığı və sosial ədalətsizlik
Bu ölkədə Qarabağda can qoymuş minlərlə insan illərlə adi bir veteran sənədi almaq üçün qapılarda sürünür. Müharibədən qayıdan qazilər gündəlik sosial problemlərlə boğuşur, haqqını sübut etməyə çalışır. Digər tərəfdə isə sistemin pillələrini “ildırım sürətilə” keçən biri 34 yaşında general rütbəsinə ucalır.
Bu, artıq fərdi bir uğur məsələsi deyil, dövlətin ədalət tərəzisidir. Cəmiyyət haqlı olaraq soruşur: Bu qədər sürətli yüksəliş hansı meyarlarla əsaslandırılır? Əgər əsas meyar peşəkarlıqdırsa, bəs onda on illərlə vicdanla xidmət edən peşəkarlar niyə bu pilləyə yaxın dura bilmir?
Prezidentə təqdimat verənlər kimdir?
Ən kritik məqam da budur: Kim bu bioqrafiyanı “yuxarıya” “dövlət üçün əvəzolunmaz kadr” kimi təqdim edib? Kim bu anomal sürəti normal sayıb? Bəlkə də haqqıdır, bəlkə də layiqdir. Bəlkə mətbuatın iddia etdiyi kimi, atasının nüfuzuna görə deyil, məhz öz zəhməti hesabına yüksəlib. Cənab generalla qəti qərəzimiz yoxdur, hətta gələcək fəaliyyətində uğurlar diləyirik.
Fəqət, belə sensasiyalı təyinatları cəmiyyətə “bəh-bəhlə” təqdim etməzdən öncə, insanların bunu mənəvi olaraq həzm etməsi üçün müəyyən bir hazırlıq lazım deyilmi? Bu gün bütün sosial media bu şəxslə bağlı suallar yağdırırsa, deməli, bu təqdimatın strateji tərəfi düzgün hesablanmayıb. İctimai rəyi nəzərə alıb daha şəffaf və məntiqli bir təqdimat etmək daha yaxşı olmazdı?
Problem adamda yox, sistemdədir
34 yaşında general yetişdirən sistem sabah hansı meyarla ədalətdən danışacaq? Hansı üzlə Qarabağ qazisinin gözünə baxacaq?
Cəmiyyət bu gün susa bilər, amma bu suallar tarixin yaddaşına qeyd olunur. Tarix isə belə “ildırımsürətli” karyeraları, adətən, təriflə deyil, böyük bir şübhə ilə xatırlayır.
Camal Cavanşir












