ABB müştərisindən ETİRAZ: "Bərbad tətbiqə görə 4 illik kartlarımı imtina etmişəm
ABB-nin mobil tətbiqi ilə bağlı növbəti narazılıq gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, bank müştərisi sosial şəbəkə hesabında paylaşım edərək, uzun müddətdir istifadə etdiyi ABB kartlarından imtina etdiyini bildirib. O, bu qərarına əsas səbəb kimi tətbiqdə yaşanan texniki problemləri göstərib.
Müştərinin sözlərinə görə, mobil tətbiqdə tez-tez yaranan xətalar gündəlik ödəniş və köçürmələri icra etməyi mümkünsüz hala gətirir. Şikayətçi vurğulayır ki, yaşadığı bu çətinliklər artıq təsadüfi deyil, sistematik xarakter alıb.

Şikayəti olduğu kimi təqdim edirik:
“Bu gün artıq 4 ilə yaxındır istifadə etdiyim ABB kartlarımdan imtina etdim. Səbəb isə bərbad vəziyyətə düşən tətbiqdir. Proqramı dəfələrlə yeniləməyimə, silib yenidən yükləməyimə baxmayaraq, ödənişlər zamanı “texniki xəta” bildirişi görməkdən bezmişəm. Təcili pul köçürməli olduğum məqamlarda qarşı tərəfə “sizallah, gözləyin, bankda problem var” deməkdən yorulmuşam. Artıq neçənci dəfədir ki, ticarət mərkəzindən çıxarkən tətbiq onlayn ödənişin keçdiyini göstərsə də, şlaqbaumda vəsaitin çatmadığını deyirlər. Nəticədə arxada dayanan onlarla sürücüdən yol istəyib geri qayıtmağa, ödəniş terminalına yaxınlaşmağa məcbur qalıram. Bu tətbiqin insanların işini belə çətinləşdirməkdə məqsədi nədir?”
Yenicag.az












