Fransa İranı satdı: İnqilab Keşikçiləri Avropanın terror siyahısında! – YENİ SANKSİYALAR

media-hightechnic-468x90

Avropa Birliyi bu gün İran üzərində təzyiqlərin artırılması ilə bağlı siyasi razılığa gəlib.

Yenicag.az xəbər verir ki, qərar çərçivəsində Tehran rəhbərliyinin etirazçılara qarşı sərt rəftarı və İranın Rusiyaya verdiyi dəstək əsas gətirilərək yeni sanksiya paketi qəbul olunub. Eyni zamanda, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Avropa Birliyinin terror təşkilatları siyahısına salınmasının da yolu açılıb.

Brüsseldə verilən mesaj

AB-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən xarici işlər nazirlərinin toplantısı öncəsi açıqlamasında, İnqilab Keşikçilərinin terror siyahısına salınması ilə bağlı razılığın əldə olunacağını gözlədiyini deyib. O bildirib ki, bir qurum terrorçu kimi davranırsa, ona da terrorçu kimi yanaşılmalıdır. Kallasın sözlərinə görə, bu addım İnqilab Keşikçilərini Əl-Qaidə və İŞİD kimi təşkilatlarla eyni kateqoriyaya salır.

Avropa ölkələrinin mövqeyi

Son günlər Fransa, İtaliya və İspaniya başda olmaqla bir sıra Avropa ölkələri İnqilab Keşikçilərinin terror siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bəyan ediblər. Avropa Birliyi daha əvvəl də bu qurumu və onun bir çox yüksək rütbəli komandirini etirazların zorla yatırılması və Rusiyaya Ukrayna müharibəsində verilən dəstəyə görə sanksiya siyahısına daxil etmişdi. Bu səbəbdən yeni qərarın praktiki təsirinin məhdud, siyasi mənasının isə çox güclü olduğu vurğulanır.

Etirazlar və insan itkiləri

İnsan haqları təşkilatları bildirir ki, dekabrın sonlarında ağırlaşan yaşayış şəraiti fonunda başlayan və qısa müddətdə rejim əleyhinə şüarlarla davam edən etirazlarda minlərlə insan İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. ABŞ mərkəzli İnsan Haqları Aktivistləri Xəbər Agentliyi etirazlar zamanı ümumilikdə 6 min 221 nəfərin öldüyünü açıqlayıb. İran rəsmiləri isə rəsmi olaraq 3 mindən çox ölüm faktını qəbul edir və ölənlərin əksəriyyətinin təhlükəsizlik əməkdaşları və “təxribatçılar” olduğunu iddia edirlər.

Yeni sanksiyalar planı

27 üzvlü Avropa Birliyi etirazların zorakılıqla yatırılmasına görə İranın 21 rəsmi şəxsi və qurumuna viza qadağası və aktivlərin dondurulması qərarını qəbul etməyi planlaşdırır. Bu siyahıya İranın daxili işlər naziri İskəndər Mumini də daxildir.

Fransa və İtaliyanın dönüş nöqtəsi

1979-cu il inqilabından sonra yaradılan İnqilab Keşikçiləri İranın ali dini lideri Əli Xameneiyə bağlıdır və konstitusiyaya əsasən “inqilabı və onun nailiyyətlərini qorumaq” vəzifəsini daşıyır. Tehran daha əvvəl bu qurumun terror siyahısına salınmasının “dağıdıcı nəticələrə” səbəb olacağı xəbərdarlığını etmişdi. Buna baxmayaraq, Kallas diplomatik kanalların açıq qalacağını bildirib.

Fransada mövqe dəyişikliyi xüsusilə diqqət çəkir. Paris uzun müddət bu addıma qarşı çıxsa da, Yelisey Sarayı artıq İnqilab Keşikçilərinin terror siyahısına salınmasını dəstəklədiyini açıqlayıb. Fransa xarici işlər naziri Jan-Noel Barro cəzasızlığın yolverilməz olduğunu vurğulayıb.

İtaliya xarici işlər naziri Antonio Tajani isə Avropa Birliyini bu addımı atmağa çağırıb. İran bu çağırışlardan sonra İtaliyanı sərt tənqid edib və Romadakı səfirini XİN-ə çağırıb.

Gərgin beynəlxalq fon

Avropanın gözlənilən qərarı İran xarici işlər naziri Abbas Əraqçinin ABŞ-dan mümkün hərbi əməliyyata “dərhal və sərt cavab” veriləcəyi ilə bağlı xəbərdarlığından dərhal sonra gündəmə gəlib. ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanı istisna etməsə də, vaxtın daraldığını bildirib və gələcəkdə mümkün yeni gərginliklərin anonsunu verib.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa