“Azərbaycan diplomatiyası 106 il ərzində mühüm inkişaf yolu keçib” – Ceyhun Məmmədov
Bu gün Azərbaycan diplomatiyasının 106 yaşı tamam olur. Tarixi mərhələlərdən keçən və müasir çağırışlara cavab verən diplomatik xidmət ölkəmizin xarici siyasətinin əsas dayaqlarından biri kimi fəaliyyətini uğurla davam etdirir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ötən dövrdə Azərbaycan diplomatiyası mühüm inkişaf yolu keçib:
“Xüsusilə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı proseslərdə ölkəmiz iki əsas cəbhədə – hərbi və diplomatik müstəvilərdə mübarizə aparırdı. Azərbaycan diplomatları Ermənistanla informasiya və diplomatik savaşın ön cəbhəsində yer alaraq, ölkəmizə qarşı yönəlmiş təxribatlara və ittihamlara layiqli cavab verirdilər”.
Deputat qeyd edib ki, diplomatlar ölkəmizin maraqlarını beynəlxalq arenada uğurla müdafiə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıblar.
“Bu gün isə Azərbaycan artıq öz tarixi qələbəsini möhkəmləndirmək və dünya dövlətləri ilə əlaqələrini daha da gücləndirmək mərhələsinə qədəm qoyub”, – deyə C. Məmmədov əlavə edib.
Millət vəkili bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri diplomatiya sahəsində peşəkar kadr potensialının gücləndirilməsi, beynəlxalq arenada Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsi və diplomatik fəaliyyətin təkmilləşdirilməsidir:
“Sevindirici haldır ki, bu sahədə artıq peşəkar komanda formalaşıb. Mühüm addımlar atılır, ciddi səylər göstərilir və nəzərəçarpacaq nəticələr əldə olunub. Əminik ki, yaxın gələcəkdə də bu istiqamətdə mühüm uğurlar əldə olunacaq və dövlətimizin maraqları daha da qorunacaq”.
Deputat əlavə edib ki, Vətən müharibəsi dövründə necə ki, hərbçilər ön cəbhədə vuruşurdularsa, diplomatlar da informasiya və diplomatik cəbhədə ön sırada idilər:
“Gələcəkdə də bu peşəkar diplomatlarımız fəaliyyətlərini uğurla davam etdirəcək, dövlətimizin inkişafına və siyasətinin həyata keçirilməsinə mühüm töhfələr verəcəklər”.
Sonda C. Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan diplomatiyası qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək əzmindədir və bu istiqamətdə böyük potensiala malikdir.
Məsimə Məmmədova