“İranın Ermənistanla yaxınlığı onun Azərbaycana qarşı səmimi olmadığının göstəricisidir”.
Bu fikirləri Azərbaycan diplomatların İrana geri qayıtması ilə bağlı əldə olunan razılığın iki ölkə arasındakı münasibətlərə mümkün təsirindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov Yenciag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan istər İran, istərsə də digər qonşu dövlətlərə qarşı hər zaman səmimi siyasət həyata keçirib:
“Qarşılığında isə yenə də səmimi münasibət gözləyib. Lakin bir çox vaxtlarda bunun əksi ilə qarşılaşıb. Məsələn, İranda səfirliyimizə qarşı terror aktının törədilməsini və başqa ölkələrdə diplomatik nümayəndəliklərimizə edilən hücumları xatırlada bilərik.
Məhz bu səbəbdən, Bakının Tehrandakı diplomatlarını geri çağırması normal haldır. Azərbaycan hər zaman dinc və sülh içində yaşamağın tərəfdarı, müharibənin isə əleyhinə olan dövlətdir. Lakin İranın Ermənistanla yaxınlığı onun Azərbaycana qarşı səmimi olmadığının göstəricisidir.
Hazırda isə Azərbaycan diplomatlarının İrana qayıtmaları ilə bağlı razılıq əldə olunub. Bu, özlüyündə yaxşı haldır. Görünür, İran hakimiyyəti Bakının haqlı tələblərini yerinə yetirib. Ümid edirik ki, Azərbaycanın İranla normallaşan münasibətləri davamlı olar”.
Nəsimi Ələsgərli
www.yenicag.az