!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlətinin TƏMƏL PRİNSİPLƏRİ: Tarixdən bu günə daşınan ideoloji baza necə möhkəmləndirilir? - TƏHLİL

!Reklam – Yazi

Ötən həftə Şuşada təşkil olunan Dünya Azərbaycanlılarının V Qurultayı müxtəlif ölkələrdə məskunlaşan və fəaliyyət göstərən soydaşlarımızı, diaspor liderləri və fəallarını növbəti dəfə bir araya gətirdi.

Qurultayın 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə sayəsində uzun müddət davam etmiş erməni işğalından azad olunan Şuşada keçirilməsi ilə əlaqədar sözügedən tədbir tarixə həm də Zəfər Qurultayı kimi düşdü. İki gün davam edən qurultayda dünya azərbaycanlılarının aktual məsələləri ətraflı müzakirə olundu, diaspor fəaliyyətinin genişləndirilməsinə yönəlik təkliflər irəli sürüldü və bu çərçivədə gələcək planlar dəyərləndirildi.

Əlbəttə, dünyanın bütün qitələrindən gələn qurultay nümayəndələri üçün Şuşaya ayaq basmağın, 28 illik erməni işğalının izlərinin təmizləndiyi şəhərimizi ziyarət etməyin doğurduğu təəssüratların sözlə ifadəsi heç də asan deyil. Bunu tarixi vətənlərinə səfər imkanı qazanan soydaşlarımızın özləri də gizlətmir. O baxımdan, Şuşada təşkil olunan qurultayda qəbul edilən qərarların qarşıya qoyulan məqsədlərə çatılmasında xüsusi yer tutacağı birmənalıdır.

Mütləq qeyd olunmalıdır ki, fərqli ölkələrdə yaşayan soydaşlarımızı növbəti dəfə bir araya gətirən və onları vətəndən uzaqlarda öz dövlətləri adına uğurlu fəaliyyətə sövq edən başlıca amil xaqımızın bütün fərdlərini öz ətrafında birləşdirən Azərbaycançılıq ideyasıdır. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, konkret ideyaya əsaslanmayan fəaliyyətin müsbət nəticələri barəsində danışmağın yeri yoxdur. Çünki ortada bir ideya və məqsəd yoxdursa, təsəvvür olunmayan hədəfə doğru irəliləmək də imkan xaricindədir.

Lakin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi ərzində mövcud olmuş dövlətlərimiz və hazırda onların varisi olaraq dünyanın siyasi xəritəsində öz yerini tutmuş ölkəmiz üçün ideologiya problemi heç vaxt yaşanmayıb. Özəlliklə, son min ildə sərhədləri Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyaya qədər uzanan dövlətlərimizin mövcudluğu bu sahədə hər hansı boşluğun olmasına imkan verməyib.

Tarixə nəzər salsaq, bəhs olunan coğrafiyada qurulmuş Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşar və Qacar imperiyalarında əsas nüvəni məhz Azərbaycan türklərinin təşkil etməsi, sözsüz ki, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni inkişafını şərtləndirən ən mühüm faktor kimi önə çıxır. Adları çəkilən imperiyalarda hakim sülalələrin Azərbaycan türkləri, əsas coğrafi vahidin isə Azərbaycan olması müxtəlif transformasiyalardan keçsə də, məhz bu ada bağlı ideologiyanın formalaşmasına təkan verib.

Xanlıqlar dövründə daha da dərin kök atan bu ideologiya 1813 və 1828-ci il Rusiya işğalından sonra xalqımızın assimliyasiyaya uğramasına, öz dil, din və milli ənənələrini itirməsinə imkan vermədi. Eyni zamanda, 1918-ci ildə qurulan ilk Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təməlində də birmənalı olaraq bu ideologiya dayanırdı.

70 illik Sovet rejimi dönəmində Çar Rusiyasının müstəmləkəçilik siyasətinin davam etdirilməsi Azərbaycançılıq ideologiyasını növbəti dəfə xalqımızın əsas müdafiə və müqavimət “silah”ına çevirdi. Bu dövrdə xaqın adı və əlifbası zorla dəyişdirildi, ərazisi qonşulara pay verildi, dini inancı yasaqlandı, milli ənənələrinin sıradan çıxarılmasına davamlı səy göstərildi, milli ziyalıları repressiya edildi, təbii sərvətləri talandı, ekoloji soyqırımına məruz qoyuldu. Ancaq Azərbaycançılıq ideologiyasına əsaslanan sağlam təməl sayəsində xalqımızı öz kökündən qoparmaq mümkün olmadı.

Ötən əsrin 80-ci illərinin sonunda ermənilərin Moskvanın birbaşa dəstəyi ilə yenidən baş qaldıran Qarabağ iddialarına qarşı xalqımızı bir araya gətirən, onu yumruq kimi birləşdirən ideoloji baza yenə də Azərbaycançılıq ideyası idi. Çox əlamətdar haldır ki, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələri hər hansı milli fərqlilik əlaməti göstərmədən bu ideologiyanı, onun dövlətçiliyimizin möhkəmləndirilməsində ən mühüm element olduğu reallığını birmənalı qəbul ediblər.

Aydındır ki, Sovet dönəmində bu ideologiyanın əhəmiyyətini qeyd etsək də, onun barəsində sistemləşdirilmiş faktor kimi danışmaq doğru olmazdı. Ona görə də Azərbaycançılığın sistemli ideologiyaya çevrilməsi Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonra başlayıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycançılıq ölkədə aparıcı ideologiya statusu qazanmaqla dövlət siyasətini müəyyənləşdirilməsində mühüm rol oynamağa başladı.

Azərbaycan artıq 30 ildən artıqdır, öz müstəqilliyini bərpa etsə də, ölkəmizin yerləşdiyi coğrafiyanın spesifikliyi regionu hər zaman qlobal güclərin diqqət mərkəzində saxlayır və bölgə onların nüfuz savaşının mühüm meydançası kimi görünür. Belə bir mürəkkəb şəraitdə dövlətin kənar təsirlərə qarşı müqavimətinin təşkilində Azərbaycançılıq ideologiyasının əhəmiyyəti xeyli artır. Xalqımız da bu reallığı düzgün qiymətləndirərək dövlətimizin gələcəyi naminə bu ideologiya ətrafında daha sıx birləşir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv