Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Nəzarəti Departamentinin rəisi general-polkovnik İqor Şmotkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DSX-nin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin davam etdirilməsi, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında imzalanmış sazişə uyğun olaraq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi irimiqyaslı infrastruktur layihənin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi aparılan ərazidə sərhəd qurumları tərəfindən etibarlı sərhəd nəzarətinin təmin edilməsi məsələləri üzrə qarşılıqlı əlaqələndirmənin yüksək səviyyədə olması qeyd edilib, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin təkmilləşdirilməsinin, vətəndaşların dövlət sərhədindən keçmə prosedurlarının daha da sadələşdirilməsi ilə yanaşı sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sərhəd nəzarətinin təşkili və xüsusiyyətləri ilə tanış olub, sərhəd nəzarəti bölmələrinin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə tətbiq olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçirib.
Azərbaycan və Rusiya nümayəndələri müsbət təcrübə mübadiləsini aparıb, gələcək əlaqələrin perspektivlərini müzakirə edib və sərhəd nəzarəti bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər.
www.yenicag.az