Azərbaycan-Ermənistan: Riqa görüşündən nə gözlənilir? – Təhlil
Azərbaycan və Ermənistan Avropa Birliyinin (AB) Riqada mayın 21-22-də keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Bu barədə qurum rəsmisi məlumat verib.
İki ölkənin bu müzakirələrdən sonra hansı addımlar atacağı olduqca maraqlıdır.
Politoloq Tofiq Abbasov bildirir ki, danışıqlar prosesində çoxdan boşluq yaranıb. Və nəzərə alınsa ki, prezidentlərin son görüşü Rusiyanın vaxitəçiliyi ilə baş tutmuşdu, indi isə söhbət Riqadan gedir, belə qənaətə gəlmək olar ki, qarşıdan gələn danışıqlarda dönüş əldə etmək mümkünsüz olacaq. Problem yaradan amil ondan ibarətdir ki, Ermənistan rəhbərliyi bilərəkdən bu tərz boşluqlara şərait yaradır ki, danışıqlar davamlı olmayıb axsasın.
“Bu sırf İrəvanın taktikasını səciyyələndirən davranışdır və Serj Sarkisyan əlindən gələni edir ki, siyasi prosesin özü yox, boş görüntüsü olsun. Yəni, söhbət imitasiyadan gedir.Narahatlıq doğuran isə vasitəçilərin laqeyidliyidir. Onlar nəyin baş verməsindən xəbərdar olsalar da, İrəvana təsir göstərməkdən boyun qaçırırlar, müxtəlif bəhanələrlər elə fon yaradırlar ki, guya səylərini davamlı şəkildə aparırlar.”
“Elə bu yaxında Serj Sarkisyanın ABŞ-a səfəri zamanı o, Ceyms Uorliklə görüşmüşdü. İlk baxışdan bu kimi təmaslara lüzum var, lakin onların səmərəsinə gəldikdə ortaya heç bir şey çıxmır”.
Tofiq Abbasov hesab edir ki, Riqa görüşündə, demək olar hər şey sıfırdan başlamalı olacaq.
“Yəni, geridə qalmış potensialdan danışmağa dəymir. Çünki ermənilərin süründürmə taktikası nəticəsində heç bir prinsip və ya maddə barədə “razılaşdırılıb” anlayışını demək mümkün deyil. Beynəlxalq birlik, onunla paralel vasitəçilər də, təbii ki, Riqada baş tutacaq görüş barədə nikbin fikirlər ifadə edib bildirəcəklər ki, belə danışıqlara böyük ehtiyac var, təmaslar kəsilməməlidir və s. Bu isə təskinlikdən başqa bir şey vermir”.
“Azərbaycan tərəfinin erməni təxribatlarına tutarlı cavablar vermə planı ciddi strategiyaya arxalanmasına dair ümidlər verir. Məlum olan odur ki, rəsmi Bakı ermənilərlə vasitəçilərin gəlişi gözəl ibarələrinə, İrəvanın guya sülhə hazır olması ilə bağlı vədlərinə inanmadan hərəkət edir. Bu ciddi strategiyanın ayrılmaz bəndidir və lazımi məqamda öz səmərəsini verəcək”-deyə Tofiq Abbasov sonda bildirib.
Kamran