2018-ci ildə Azərbaycanda 30 474 təsərrüfatda mövcud olan 501,0 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kq arı südü əldə olunub.
Yenicag.az xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun – 14,2 manat, vərəmumun – 118,4 manat, güləmin – 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat olub.
2018-ci ildə 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib. Təsadüfi deyil ki, əvvəlki illə müqayisədə 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1950,8 ton artıb. Eyni zamanda, arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.
www.yenicag.az