Oktyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə Bahar Muradova UNICEF ilə Azərbaycan və Dövlət Komitəsi arasındakı əməkdaşlığın hər zaman qarşılıqlı maraqlara söykəndiyini vurğulayıb. Komitə sədri fövqəladə hallarda uşaqların müdafiəsi ilə bağlı, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə, eləcə də pandemiya dövründə birlikdə icra edilən layihələr barədə fikirlərini bölüşüb.
B.Muradova, həmçinin uşaq strategiyası və ona dair fəaliyyət planı istiqamətində öhdəliklərin yerinə yetirilməsi barədə danışıb. Eyni zamanda, UNICEF-Azərbaycan 2021-2025-ci illər üçün ölkə sənədi üzrə müəyyən öhdəliklərin olduğunu və bütün sahələrdə fəaliyyət istiqamətlərin müəyyənləşdiyini deyib. Bu istiqamətdə əməkdaşlığın yüksələn xətt üzrə inkişafı baxımından hər iki tərəfin səylərini artırmasının əhəmiyyətini vurğulayıb.
Komitə sədri, eyni zamanda, erkən uşaqlıq dövrü inkişafına dair sənədin hazırlanaraq aidiyyəti quruma təqdim edildiyini söyləyib. O, bu istiqamətdə təcrübə mübadiləsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ötən dövr ərzində yaxşı işlərin görüldüyünü, lakin əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Xüsusilə uşaqların hüquqlarının təmin olunmasında və digər məsələlərdə daha uğurlu nəticələrin qazanılması üçün birgə fəaliyyətin istiqamətlərinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Aleks Haykens Azərbaycanda uşaq strategiyası və onun həyata keçirilməsi ilə bağlı milli fəaliyyət planını yüksək qiymətləndirib. Eyni zamanda, uşaq qaynar xəttinin fəaliyyətini, uşaqlara qarşı zorakılıq halları ilə bağlı hesabatların, məlumatların əlçatan olmasını xüsusi vurğulayıb.
“Azərbaycanda fəaliyyətim dövründə tarixi nöqteyi-nəzərdən önəmli hadisələr baş verib. Bu spesifik və səciyyəvi vaxtda Azərbaycanda olmağımdan çox məmnunam. Mənim üçün Qarabağla bağlı ən böyük nailiyyət uşaqların oraya qayıdaraq öz layiqli həyatlarını davam etdirmələri olacaq”, – deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.
www.yenicag.az