İyulun 10-da Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının videokonfrans formatında 6-cı iclası keçirilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Litva ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin malik olduğu böyük iqtisadi potensialın əməkdaşlığın uğurlu inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb. İqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Qitanas Nauseda arasında bu ilin aprelində videokonfrans formatında keçirilmiş görüşdə geniş müzakirə edildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə töhfə verir, müxtəlif sferalarda layihələrin həyata keçirilməsinə dəstək göstərilir. Bildirilib ki, indiyədək Azərbaycanla Litva arasında müxtəlif sahələrdə 40-a yaxın, o cümlədən investisiyaların qarşılıqlı qorunması və təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması barədə sənədlər imzalanıb. Ölkəmiz Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz artıb. İnvestisiya, ticarət, kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları, turizm, mədəniyyət və s. sahələrdə qarşılıqlı faydalı əlaqələr qurulub.
Azərbaycanın tikinti, ticarət, xidmətlər, bank işi və sığorta sahələrində Litva kapitallı 17 şirkət fəaliyyət göstərir.
İqtisadiyyat naziri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının, xüsusilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrin genişləndirilməsində Litvanın dəstəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə 2013-cü ildə imzalanmış mobillik sahəsində tərəfdaşlıq haqqında Bəyannamə çərçivəsində reallaşdırılan layihə və təşəbbüslərdə Litva qurumlarının texniki və konsultativ dəstəyini yüksək qiymətləndirir.
COVID-19 pandemiyasının neqativ təsirlərindən danışan Mikayıl Cabbarov bu təsirlərin Azərbaycan iqtisadiyyatından da yan keçmədiyini bildirib və qısa müddətdə hazırlanmış Tədbirlər Planına uyğun olaraq, sosial-iqtisadi dəstək tədbirləri, sahibkarlığın inkişafı və tətbiq edilən yeni mexanizmlər, Elektron Kredit Platforması, vergi güzəşt və tətilləri, investisiya cəlbediciliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib, cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini, Mərkəzin fəaliyyətindən digər ölkələrin də faydalana bilməsi üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye, tranzit-logistika, kiçik və orta sahibkarlıq, innovasiya və rəqəmsallaşdırma, kənd təsərrüfatı, turizm və s. sahələrdə potensialını, Litva ilə bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını vurğulayıb.
Hökumətlərarası Komissiyanın həmsədri, Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, bu ilin noyabrında ölkələrimiz arasında diplomatık münasibətlərin yaranmasının 25 ilinin tamam olacağını vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını qeyd edib. Litvalı nazir ölkəsinin pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə də məlumat verib.
Onlayn iclasda iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətləri müzakirə edilib. Müzakirələrdə hər iki tərəfdən Hökumətlərarası Komissiyanın üzvləri ticarət, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, energetika, nəqliyyat, innovasiya və informasiya texnologiyaları, ətraf mühitin mühafizəsi, mədəniyyət və s. sahələrdə əlaqələrin inkişafı imkanlarına dair fikirlərini bildiriblər.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus imzalayıblar. Sənəddə ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, İKT, innovasiya, turizm, təhsil və elm, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
www.yenicag.az