Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu - FOTO
Almatı şəhərində keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında olub.
Yenicag.az xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Naqif Həmzə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş Komitəsinin sədri Rəhman Quliyev və Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlıdan ibarət heyət kitabxananın direktoru Qaziza Nurqalıyeva tərəfindən qəbul edilib.
Qaziza Nurqalıyeva heyəti kitabxanının işi ilə tanış edib. O, Azərbaycan və Qazaxıstan arasındakı mədəni əlaqələrin kitabxanaçılıq fəaliyyətinə yansıdılmasının əhəmiyyətinə toxunaraq bu işdə əməli fəaliyyətə keçilməsinin zəruri olduğunu bildirib.
Xalq şairi Sabir Rüstəmxanlı öz kitablarını, heyət isə Azərbaycanla bağlı kitabları Qazaxıstan Milli Kitabxanasına hədiyyə edib.
Heyətin şərəfinə kitabxanda mədəni tədbir təşkil olunub.
Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.