“Əvvəllər ordumuzun şəxsi heyəti hərbi texnikanı sadəcə görürdü, texnikadan istifadə edə bilmirdi. Bu gün isə müasir texnikadan istifadə edərək döyüş qabiliyyətini artırır”.
Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında ordudakı islahatlardan danışan hərbi ekspert Ramil Məmmədli deyib.
Hərbi ekspert bildirib ki, 2013-cü ildən orduda başlayan islahatlar, son 6 ildə Azərbaycan Ordusunun yenilənməsi – peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işlərin faktlarıdır:
“Ordu sahəsindəki faktlar düşməni narahat etməyə bilməz. Bu narahatlıq ordumuzun müasir hücum texnikası ilə silahlanmasına görədir. Bu gün Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnikanın əldə olunmasına dair prosesin icrasını həyata keçirir. Bununla yanaşı, müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsulları alınır. Bu göstəricilər düşmən tərəfin gərginliyinə, qorxusuna səbəb olur. Ordu təchizatında olan müasir silahlar düşməni məhv etmək üçün onların mövqelərinə tuşlanıb. Bununla da, Azərbaycan Ordusunun hərbi əməliyyatlara tam hazır olduğuna deyə bilərik”.
R. Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatları bu cür zərbələrin davamlı olacağını istisna etmir:
“Ordumuz son illərdə hücum silahlarına üstünlük verir, əldə etdiyimiz silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsi üçün nəzərdə tutulub. Bir sözlə, hər an başlana biləcək hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq”.
“Əvvəllər təmas xəttinə yaxın ərazilərdəki bölmələrin dislokasiya yerlərində, əsgər yataqxanalarında şərait standartlara cavab vermirdi. Hərbi hissələr, əsgər yataqxanaları köhnədən qalma və sonradan təmir olunmayan binalarda yerləşirdi. Lakin cəbhəboyu zonaya və ön xəttə səfərlərimdə gördüm ki, 6 ildir bu məsələlərdə ciddi dönüş başlanıb. Hazırda islahatlar davam edir, hərbi hissələr təmir olunub, yeniləri tikilərək istifadəyə verilib, hərbçilərimiz müasir tələblərə cavab verən yataqxanalarla təmin edilib” – deyə, hərbi ekspert bildirib.
www.yenicag.az