Azərbaycan polkovnikləri ABŞ-da kurs keçir
Azərbaycan silahlı qüvvələrinin Ali Hərbi Məktəbinin üç yüksək rütbəli zabiti ABŞ-ın Hərbi Dəniz Kollecində (NWC) kurs keçir.
Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki , zabitlər Rod-Aylend ştatının Nyuport şəhərində yerləşən kollecdə qərb tədris və praktika metodlarını öyrənirlər. Zabitlər əldə etdikləri bilikləri daha sonra öz doğma hərbi məktəblərində tətbiq edəcəklər. Səfər NATO-nun genişlənmə proqramının (DEEP) hərbi tədris kursu çərçivəsində həyata keçirilir.
Milli təhlükəsizlik məsələləri üzrə professor və NWC-in müəllimi Tom Fedisin bu proqram çərçivəsində Azərbaycanın Ali Hərbi Məktəbində olub və onun fəaliyyətində xeyli irəliləyişlər müşahidə edib. “Mən fərqi gecə və gündüz arasında fərqə bənzədərdim. Onlar NATO-dan hərbi kollecin inkişafı üçün dəstək istəyəndə mən könüllü olaraq bu işi üzərimə götürdüm. O zaman onlarda daha çox mexaniki tədris sistemi var idi. İndiki tədris sistemi isə qərb sistemini daha çox xatırladır. Diskussiyaların və tədris metodlarının çoxu, mövzuların proqramlaşdırılması və tədris proqramı bizim məktəbdəkinə çox bənzəyir”-professor bildirib.
Səfər çərçivəsində Azərbaycan zabitləri NWC-də istifadə olunan tədris sistemi ilə daha yaxından tanış olacaqlar. Səfər iki həftə davam edəcək.
Nümayəndə heyətinin rəhbəri, polkovni Razi İsmayılov deyib: “Biz bu proqramı qəbul etməzdən əvvəl NATO-nun digər ölkələrindən, məsələn, Türkiyədən bəzi tövsiyələr alırdıq. İndi biz öz tədris metodlarımızı Amerika tədris metodları ilə uzlaşdırmaq istəyirik”.
Azərbaycan nümayəndələri ABŞ Hərbi Dəniz Kollecində birgə hərbi əməliyyatların planlaşdırılması və keçirilməsini öyrənəcəklər. Professor Fedisin deyib ki, Azərbaycanın Ali Hərbi Məktəbində əsas çatışmazlıq döyüş əməliyyatları təcrübəsinin azlığıdır. Amerika kollecində isə hərbi əməliyyatlara dair tədir kursları onlara təqdim olunur. Azərbaycan ordusunun polkovniki Arif Həsənov deyib ki, səfər zamanı amerikalıların onlara keçdiyi dərslərdən xeyli mühüm informasiyalar əldə edirlər. Nümayəndə heyətinə daxil olan hər üç zabit iki həftə ərzində vaxtdan maksimum səmərəli istifadə edib mümkün qədər çox şey öyrənməyə çalışacaqlarını bildirib. Polkovnik-leytenant Namik Həmidli: “Bura gəlmək həmişə faydalıdır. Hər dəfə biz onlardan yeni nəsə öyrənirik, ola bilsin bunlar amerikalılar üçün kiçik görünər, ancaq bizim üçün çox mühümdür. Ona görə də bura gəlirik”.
Azərbaycan nümayəndə heyəti ötən il də Amerika hərbi kollecində kurs keçib. Proqram Pentaqonun “Varşava təşəbbüsü” layihəsi çərçivəsində maliyyələşdirir.
Virtualaz.org