Martın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Gürcüstanın Müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq İ.Qaribaşvili “Şərəf kitabı”nı imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Zakir Həsənov strateji tərəfdaşlığımızın yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən general-polkovnik Z.Həsənov bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın Müdafiə naziri Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən İ.Qaribaşvili bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bir daha vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın Müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
www.yenicag.az