Tbilisidə Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında mövbəti konsulluq məsləhətləşmələri keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan nümayəndə heyətinə XİN-nin Konsulluq idarəsinin rəisi Faiq Bağırov, Gürcüstan nümayəndə heyətinə isə XİN-nin Konsulluq idarəsinin rəisi Giorgi Tabatadze rəhbərlik edib.
Görüşdə Konsul əlaqələri haqqında Vyana Konvensiyasının həyata keçirilməsi, konsulluq əlaqələri sahəsində gələcək əməkdaşlığın perspektivləri, iki ölkənin hüquq-mühafizə və məhkəmə orqanları arasında sıx əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər miqrasiya məsələləri üzə əməkdaşlıq və vətəndaşlara mülki, ailə və cinayət işlərində hüquqi yardımın göstərilməsi məsələsinə də xüsusi diqqət ayırıblar.
Konsulluq idarələrinin rəhbərləri təhsil və sərhədlərin qorunması sahəsində ikitərəfli saziş və layihələri də nəzərdən keçiriblər. Bununla yanaşı, işğal olunmuş ərazilərdə vətəndaşların qanunsuz səfərlərinin qarşısının alınmasında və separatçı qurumların təqdim etdiyi sənədlərin tanınmaması üzrə sıx əməkdaşlıq məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Tərəflər məlumat və təcrübə mübadiləsi üçün konsulluq məsləhətləşmələrinin hər il keçirilməsinin vacibliyini vurğulayıblar./Report/
www.yenicag.az