Azərbaycan XİN başçısı:”Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır”
Nazir sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin Riqa sammitində Azərbaycanla bağlı baş verənlərə aydınlıq gətirib.
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini xatırladan nazir sammitdə mübahisənin nədən ibarət olduğunu açıqlayıb: “Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır.
Bununla belə, sonda razılıq əladə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Naziriliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq”.
E. Məmmədyarov sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib: “Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi”.
***
“Azərbaycanın təqdim etdiyi yeni saziş layihəsində Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əksini tapıb”
“Azərbaycanın niyyəti Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı ikitərəfli formatda qurmaqdır, belə də edir”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının Bakıda keçirilən 14-cü iclasında deyib.
Nazir keçmiş sovet SSRİ ölkələrinin Avropa İttifaqı ilə münasibətlərindəki fərqə də toxunub: “Bu ölkələr Avropa İttifaqı ilə müxtəlif əməkdaşlıq formatını seçib. Gürcüstan, Moldova və Ukrayna qərar verib ki, Avropa İttifaqı ilə assosiativ saziş çərçivəsində əməkdaşlıq etməlidirlər. Belarus və Ermənistan lokomotivi Rusiya olan Avrasiya İqtisadi İttifaqını seçib. Azərbaycan isə Avropa İttifaqı ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqının bütün üzvləri ilə sıx münasibətləri var.
Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında yeni saziş layihəsini Riqada təşkilatın rəhbərliyinə təqdim etdim. Burda da söhbət bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan gedir”.
***
“Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır”
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək. Çünki həlli mümkün olmayan münaqişə yoxdur”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var: “Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir. Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.