Azərbaycan XİN: “Ermənistan bu məsələdə də destruktivlik nümayiş etdirir”
“Yeganə həll yolu Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən çıxarılmasıdır”
Azərbaycan Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda 3 may 2015-ci il tarixində separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulanır: “Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiqini və Azərbaycan ərazilərinin işğalını ardıcıl olaraq kəskin şəkildə tənqid edib. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul olunub. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını təsdiqləyir və işğalçı qoşunların Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatlar da bənzər mövqe ortaya qoyublar”.
Bəyanatda bildirilir ki, Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına “seçki”lərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçki”lərin heç bir hüquqi qüvvəsi ola bilməz: “Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməyəcək. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır. Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır”.
***
“Qarabağ müharibəsində əsir və itkin düşmüş sayılan 4 min azərbaycanlının taleyinə görə Ermənistan məsuliyyət daşıyır”
“Ermənistanın üzərinə düşən beynəlxalq hüquqi məsuliyyətlə yanaşı, mənəvi məsuliyyət də var ki, əsirlərin və girovların qaytarılmasında əməkdaşlıq etsin”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Franua Ollandın təşəbbüsü ilə Parisdə keçirilən görüşdə əsir və girovların mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər: “Bu təklif Azərbaycan tərəfindən müsbət qarşılanıb, bu sahədə əməkdaşlığa hazır olduğumuz bildirmişik. Azərbaycandan 4 mindən çox şəxs əsir və itkin düşmüş hesab olunur. Onların taleyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan humanizm nöqteyi-nəzərdən çıxış edərək bu şəxslərin həyatına aydınlıq gətirməlidir. Ermənistan təəssüf ki, bu sahədə də qeyi-konstruktivlik nümayiş edir. Araşdırmalar göstərir, azərbaycanlılar kütləvi şəkildə qətlə yetiriliblər və kütləvi məzarlıqlar mövcuddur. Onların DNT analizi keçirilməlidir. Azərbaycanda ailələr var ki övladlarının, yaxınlarının taleyi barədə məlumat gözləyir. Təəsüf ki, Ermənistan bu məsələdə də destruktivlik nümayiş etdirir”.
***
“Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil”
“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun bütün ölkələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün öz töhfələrini verməli, aktivlik nümayiş etdirməlidir”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, münaqişənin həllində iştirakının vacibliyi səslənən Almaniya və Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür: “Ümumilikdə yekun məqsəd Azərbaycan ərazilərinin işğaldan azad olunması, məcburi köçkünləri öz evlərinə qayıtmasıdır.
Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil.
Həmsədr ölkələrdən isə gözləntimiz odur ki, Ermənistanın destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq, bu ölkəyə fərqli münasibət sərgiləsinlər, məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirsinlər”(apa).