“Azərbaycana içdən deyil, …”
“Düşüncələrimiz, danışıqlarımız, yazılarımız ümumiləşdirmələrdən ibarətdir. Belə olmasaydı, dil (geniş anlamda mədəniyyət) inkişaf edə bilməzdi”.
“Real” Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli belə bir iddia ilə çıxış edib. “Hər bir ümumiləşdirmənin içində ən azından bir vacib və qaçılmaz qüsur olur. Adından da göründüyü kimi, ümumiləşdirmələrdə konkret faktlar qurban verilir. Mənfi ümumiləşdirmələrdə müsbət örnəklər, müsbət ümumiləşdirmələrdə də mənfi örnəklər gözdən qaçır, ya da bilərəkdən göstərilmir. Mənfi olduğuna görə, mənim özümə də məlum olan müsbət örnəkləri burada nəzərə almıram. Odur ki, heç kəs öz payına götürməsin. Söhbət ümumidir, siyasi sistemdən doğan yadlaşma meylini ifadə edir. Ölkəmizdə, xüsusən gənclər arasında, özünü solçu sayanların xeylisi – “Rusiyaçı”, özünü millətçi sayanların xeylisi – “Türkiyəçi”, “dindar” adı altında tanıdılanların (özünü təqdim edənlərin) də bir xeylisi “İrançı” kimi düşünür. “Amerikaçı” adlandırıla biləcək düşüncə tərzi də var, çox güman ki. Bu barədə danışmayacam, çünki bu cür düşünənləri ayırd edə bilmədim. Liberallar, yoxsa demokratlar? Ayırd etmək o dərəcədə də asan deyil. Aydın söyləmək olmur. Çox qarışıq və ziddiyyətli çevrədir. Bəlkə də ona görədir ki, “Qərbpərəst” ümumiləşdirməsi salınıb dilimizə. Damğaları sevmirəm, ona görə də işlətməməyə çalışıram (ən azından açıq müzakirələrdə). Bununla belə, adını nə qoymağımızdan asılı olmayaraq, Azərbaycana içdən deyil, kənardan, başqaların gözüylə baxmaq meyli (vərdişi) var insanlarımızda. Məişət mövzularında bəlkə də problem yaratmır, amma siyasətdə belə düşüncə tərzi çox təhlükəlidir. İstər solçu olaq, istər sağçı, istər dindar, istər millətçi – ölkəmizə öz gözümüzlə baxmalıyıq. Ayıq olmalıyıq” – deyə E.Qədirli qeyd edib.