Azərbaycanda 204 bələdiyyə birləşəcək
Yaxın vaxtlarda Azərbaycanda 204 bələdiyyə birləşəcək. Bununla bağlı Prezident İlham Əliyevin sərəncam imzalayacağı gözlənilir.
Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl 110 bələdiyyə birləşməsi haqqında qəbul edilmiş qərardan sonra ölkə hazırda 1716 bələdiyyə var. Deputat qeyd edib ki, bu qədər bələdiyyənin olması da çoxdur. “Bələdiyyənin çox olması onların bəzi istiqamətləndirmələri yerinə yetirə bilməmələri ilə nəticələnir. Çünki 5 bələdiyyənin ayrı-ayrılıqda xırda maliyyəsi əvəzinə, bu bələdiyyələrin maliyyəsinin birləşməsi ilə daha böyük işlər görmək olar”.
Yaxın vaxtlarda 204 bələdiyyənin birləşərək onların əsasında 94 bələdiyyə yaradacağını deyən T. Rzayev bununla bağlı ölkə başçısının sərəncamını gözlədiklərini bildirib.
Bələdiyyələrin birləşdikdən sonra hansı rəqəmdə olacağını proqnozlaşdırmağın mümkün olmadığını deyən millət vəkilinin sözlərinə görə, bunu həyatın gedişi göstərəcək.