Ərəb ölkələrindən Azərbaycana turist axınının güclənməsi sektorda əsaslı canlanmaya səbəb olsa da, bundan ciddi narahatlıq keçirənlər də var.
Yaradılan baza
İqtisadiyyatı əsasən, neft istehsalı və sənayesindən ibarət olan Azərbaycanda digər sahələrin də inkişaf etdirilməsi dövlətin prioritetləri sırasında yer alıb. Ölkədə ötən əsrin 90-cı illərinin ortalarında yaşanan siyasi təlatümlərin dayanması və Qarabağ cəbhəsində uzunmüddətli atəşkəs elan olunması qeyri-neft sektorunun inkişafına yönələn sistemli fəaliyyət üçün zəmin yaratdı. Bu çərçivədə xidmət sferasının, xüsusilə, turizmin inkişafının əsas prioritetlər sırasına daxil edilməsi ölkədə müvafiq infrastrukturun yenidən qurulmasına yol açdı. 27 avqust 2002-ci ildə Prezident sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu istiqamətdə atılan ilk mühüm addım kimi tarixə düşdü. O dövrdə Azərbaycanın maliyyə imkanlarının indikindən qat-qat zəif olmasına baxmayaraq, proqramın nəzərdə tutulan qaydada həyata keçirilməsi üçün ciddi işlər görüldü. Prezidentin 6 aprel 2010-cü ul tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə başlanmış işlərin daha geniş miqyasda davam etdirilməsi məqsədindən irəli gəlirdi. Bu sənədin Azərbaycana böyük neft pullarının axdığı ərəfəyə təsadüf etməsi ölkədə turizm sektorunun inkişafına nikbin baxmağa əsas verirdi.
Amma və lakin…
Azərbaycanda turizm infrastrukturunun yenidən qurulmasına irihəcmli dövlət vəsaitləri və özəl sərmayə sərf olunub. Nəticədə yerli və xarici turistləri cəlb edə biləcək bütün ərazilərdə çox sayda otellər, istirahət-əyləncə kompleksləri və digər obyektlər tikilib istifadəyə verildi. Dünyanın nüfuzlu telekanallarında Azərbaycana turist axını yaratmaq məqsədi ilə reklam xarakterli tanıtım çarxları nümayiş etdirildi. Ancaq yaradılan şəraitə baxmayaraq, Azərbaycana gələn əcnəbilərin sayı və onların ölkə iqtisadiyyatına təsiri gözlənilən səviyyədən çox aşağı oldu. Bu vəziyyəti yaradan səbəblər sırasında ilk olaraq otellərdə qiymətlərin fantastik bahalığı və onun qarşılığında xidmətin yarıtmazlığı qeyd olunurdu. Təsəvvür edin, istər Bakıda, istərsə də bölgələrimizdəki çoxulduzlu otellərdə qiymətlər Nyu-York, Paris, İstanbul, London, Moskva kimi meqapolislərdəki otel qiymətlərindən bahadır ki, ucuz deyil. Xidməti personalın müştəriqaçıran davranışlarına və xidmətin aşağı səviyyəsini də nəzərə alsaq, əcnəbilərin Azərbaycanı səfər marşrutu proqramından çıxartmalarına haqq qazandırmalı olursan. Xaricilər bir yana, yerli vətəndaşlar da ən azı qiymətlərin bahalığı səbəbindən, dincəlmək üçün əsasən,Türkiyə və Gürcüstana yollanmağa üstünlük verirdilər. Maraqlıdır ki, qeyd olunan problemlər üzündən Azərbaycanda ötən illərdə keçirilmiş beynəlxalq tədbirlər zamanı da ölkədə əcnəbi turist axını müşahidə edilmədi. 2012-ci il “Eurovision”, 2015-ci I Avropa Oyunları, 2016-cı ildə təşkil olunmuş “Formula 1” yarışları zamanı Bakıdakı və bölgələrdəki otellərimizin dolub-daşdığını söyləmək mümkün deyil. Hətta I Avropa Oyunları zamanı “Azal” xarici vətəndaşlara bileti 50 faiz endirimlə satıb, idmançı və məşqçilərini isə pulsuz gətirmiş, daha sonra onun əvəzində öz vətəndaşlarımıza bileti baha satmışdı ki, bu addım ölkə başçısı tərəfindən də sərt şəkildə tənqid olunmuşdu.
Yəni, turizm infrastrukturunun qurulmasına yatırılan milyardlarla vəsaitin geri qayıtmadığı göz önündədir.
Turizmdə “Ərəb axını”
Bir neçə aydır ki, Azərbaycanın yeknəsək turizm mənzərəsi ərəb ölkələrindən gələn axın nəticəsində xeyli dəyişib. İstər Bakıda, istərsə də paytaxtdan kənardakı turizm bölgələrimizdə ərəblərin sayəsində görünməmiş canlanmanın şahidiyik. Başqa sözlə, ətalət içində olan turizm sektorumuz ərəblərin sayəsində əməlli-başlı canlanıb. Son həftələrdə isə ərəb axını o qədər güclənib ki, yaxın müddətə qədər “qu deyəndə qulaq tutulan” otellərdə indi boş yer tapmaq müşkülə çevrilib. Bakının istənilən ərazisində ərəb ölkələrindən dəstə-dəstə gələn turistlərlə qarşılaşırıq. Bu mənzərə əlbəttə ki sadəcə, ekzotik xarakter daşımır. İstirahət üçün Azərbaycanı seçən ərəb turistləri ilə dolub-daşan otellərin, iaşə obyektlərinin, böyük marketlərin “xilas kəməri” kimi baxmaq daha doğru olardı. Konkret desək, ərəblərin Azərbaycana ilk addımları dövlət büdcəsinə adambaşına sadəcə viza rüsumundan 20 dollar qazandırır.
Davam edək… Turistləri hava limanından şəhərə aparan taksilər, otellər, avtomobil icarə servisləri, restoranlar, kafelər, gündəlik kirayə mənzil sahibləri, iflas həddində olan ticarət mərkəzləri(xüsusilə, “Binə” və “Sədərək” bazarlarındakı satıcılar son bir ildə ərəb dəstəyi ilə ayaqda durduqlarını qeyd edirlər), əyləncə kompleksləri, Bakıdakı çoxsaylı muzeylər, Heydər Əliyev Mərkəzi, Yanardağ, Atəşgah, Qobustan və sair yerlər də ərəb turistlərin hesabına gəlir əldə edir.
Ərəb dili üzrə ixtisaslaşmış vətəndaşlarımız məhz bu axın sayəsində seçdikləri peşənin maddi faydasını görməkdədirlər. Eyni zamanda, bölgələrimiz, xüsusilə, Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki, Oğuz, Qax və digər rayonlarımız ərəb turistlərin axını nəticəsində “nəfəslik” əldə ediblər.
Maraqlıdır ki, ərəb turistlərin əsas kontingentini İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edir. Proqnozlara görə, Azərbaycanla birbaşa aviareys olmayan Səudiyyə Ərəbistanından ölkəyə 30 min turistin gələcəyi gözlənilir. Maddi imkanları yüksək olan ərəblərin adambaşına orta hesabla 1 500 dollar xərclədiyini nəzərə alsaq, təkcə Səudiyyə Ərəbistanından gələcək turistlərdən əldə olunacaq gəlir 45 milyon dollar civarındadır. Digər ərəb ölkələrindən olan turistləri də hesaba alsaq, bu məbləğin on dəfələrlə artacağı şübhə doğurmur. Qısacası, daş atmadan, sərmayə qoymadan yüz milyonlarla dollar ərəb turizmi ilə Azərbaycana axmaqdadır.
Antiərəb isterikası
Qeyd etmək yerinə düşər ki, Azərbaycan hakimiyyəti xüsusilə son illərdə ərəb dövlətləri ilə münasibətləri daha da inkişaf etdirmək, müxtəlif sahələrə aid əməkdaşlığı genişləndirmək istiqamətində davamlı addımlar atır. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər və imzalanan sazişlər əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri -hüquqi baza yaradır. Son olaraq, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri, bu ölkənin rəhbərliyi ilə apardığı məhsuldar müzakirələr vurğulanan siyasətin real göstəricisidir.
Azərbaycana ərəb turistlərinin axını həm də məhz prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə rəsmi Bakının ərəb ölkələri ilə viza rejimini sadələşdirməsinin nəticəsidir.
Maddi imkanları yüksək olan ərəblərin istirahət üçün Azərbaycanı seçmələrinin ciddi obyektiv səbəbləri var. Azərbaycan İslam aləmində dünyəvi, modern dövlət imici qazanıb. Biz mövcud problemlərə görə ölkəmiz haqqında nə qədər tənqidi fikirdə olsaq da, orta sıravi ərəb Azərbaycanı başqa gözlə görür və buradakı şərait onu cəlb edir. Buradakı sabitlik və stabillik Azərbaycanı onlar üçün cazibədar edir. Ona görə də ölkə xaricinə getməyi düşünən ərəblərin bir qismi özlərini çox rahat, evdəki kimi hiss edə biləcəkləri müasir İslam dövləti olan Azərbaycanı seçirlər. Azərbaycana gələn ərəb turistlərin əsas hissəsinin ailə üzvlərini də özləri ilə gətirmələri bu deyilənlərin təsdiqidir.
Ancaq təəccüblüdür ki, ərəblərin Azərbaycana ayağı açılandan bəri media və sosial şəbəkələrdə davamlı antiərəb kampaniyası aparılmaqdadır. Bu dalğaya qoşulanlar ərəblərin otellərdə və şəhərdə “özlərini apara bilməmələrini”, “davranış və tərbiyə qüsurlarını” qabartmaqla haqlı görünməyə çalışırdılar. Son günlərdə isə bu “arqumentlərə” ərəblərin “qanlı ov əyləncələri” ilə təbiətimizə vurduqları “ziyan” da əlavə edilib. Ərəb turistlərin müxtəlif qoruqlarımızda öv səhnələrini əks etdirən fotoşəkilləri, vurduqları qənimətlər – dovşan, qaşqaldaq və digər ovlarla görüntüləri yayımlanıb. Bununla da “kərəm”ləri ağlamaq tutub”. Sosial şəbəkələrdəki reaksiyalara baxdıqda, heyrətlənməmək olmur. İstər-istəməz sual yaranır, ölkədə bu qədər “təbiət aşiqi”, “ekologiya keşikçisi” varsa, ətraf mühitimiz niyə bu gündədir? Sanki Azərbaycanın toxunulmaz təbiəti bu zavallı ərəblərin sayəsində ziyan görüb və brakonyersiz ölkənin faunası da yenə bu qonaqların ucbatından məhv olmaqdadır. Məmur balalarının ovlanması qadağan olunan heyvanları restoranda kabab etdirməsinə etiraz etməyənlər ovlanmasında hansısa bir qadağa olmayan quşlara “yas tuturlar”. Sanki ova gələnlər mağazadan “Səba” toyuğu alıb, onunla şəkil çəkdirib, geri dönməliydilər. Bir sözlə, yersiz hay-küy, ucuz şou… Elə şivən salınır ki, elə bil ərəblərin güllə atdıqları heyvan çol dovşanı yox, xallı bəbirdir. Ya da vurduqları qaşqaldaq yox, tovuzquşudur. Əlbəttə ki, təbiət və ekologiya qorunmalı, mühafizə edilməlidir. Ancaq ərəbləri ekoloji fəlakətin baiskarı kimi göstərmək və onların ayağını ölkədən kəsməyə çalışmaq heç bir halda doğru yanaşma deyil.
Ərəblər “Azal”dan narazıdır
Gəldiklərində xidmətçiləri üçün belə dövlətimizdən pul alan sarı saçlı, uzun boylu avropalılardan fərqli olaraq, hər ərəb ailəsinin bir həftəlik səfəri ən az 20-30 min dollar deməkdir. Doğrudur, ərəblərin də Azərbaycanda narazı olduqları məqamlar az deyil. Məsələn, “Azal”ın müştəri siyasəti, daha doğrusu acgözlüyü ərəblərin də ürəyini bulandırır. Belə ki, əksər hava yolları yük üçün nəzərdə tutulan kiloqramdan 500-600 qram artıq olduqda, müştəriyə güzəşt edirlər. Və ya hər artıq kiloqram üçün kiçik qiymət ödənilir. “Azal” isə yarım kilo üçün əlavə 50 avro istəyir ki, bu da ərəblərin haqlı narazılığına səbəb olur. “Azal” əməkdaşlarının ərəblərlə çox kobud rəftarı da söhbətləşdiyimiz ərəblərin diqqətindən yayınmayıb.
Ərəblərin narazı olduqları başqa bir məsələ isə xüsusilə rayonlardakı bəzi hotellərdir. Bir müddət öncə brendi alınan beş ulduzlu otellərdə artıq əvvəlki keyfiyyətin qalmadığı vurğulanmaqdadır. Həmin hotellərin biri də Azərbaycanın şimalında yerləşir. Ərəblərin razı qaldığı otellər isə Bakıda Milli Park ətrafındakı hotellərdir.
Xarici amillər
Ərəblərin Azərbaycana axınından narahat olanların sırası bəzi soydaşlarımızla məhdudlaşmır. Azərbaycanda maraqları olan, cəmiyyətdə nüfuz və təsirlərini artırmağı düşünən bir sıra dövlətlər də ərəblərin ölkəmizə axınından narahat olmağa başlayıblar. Məsələni konkretləşdirsək, həmin ölkələrin önündə İsrail və İran və Rusiya gəlir. İsrail və İranın ərəb dünyası ilə münasibətləri, daha doğrusu düşmənçiliyini gözə aldıqda, Tel-Əvivlə Tehranın bu narahatlığı anlaşılandır. Həmin dövlətlər Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasını, bu çərçivədə cəmiyyətlərarası inteqrasiyanın dərinləşməsini istəmirlər. Ona görə də Azərbaycanın ərəb aləmi ilə münasibətləri dərinləşdirmək təşəbbüslərinə qarşı müəyyən vasitələri işə salmağa cəhd göstərirlər. Hər halda, Azərbaycanda antiərəb isterikasını gücləndirmək bu ölkələrin də maraqlarına cavab verir. Rusiyaya gəldikdə isə bu ölkənin ərəb dövlətləri münasibətlərini normal adlandırmaq mümkündür. Azərbaycana olan ərəb axınında Moskvanı qıcıqlandıran əsas məqam kommersiya maraqlarıdır. O baxımdan, Rusiya da öz mənafeyindən çıxış edərək ərəblərin Azərbaycana yolunun bağlanmasını çox arzulayır.
Ancaq əsas məsələ Azərbaycanın istər siyasi, istərsə də kommersiya maraqlarıdır. Bu maraqlar ərəb ölkələri ilə münasibətləri dərinləşdirməyi tələb edir. Yəni “kim nə deyər” düşüncəsi ilə sağa-sola baxmağa ehtiyac yoxdur. Daha bir vacib məqamı unutmayaq: yuxarıda adları çəkilən ərəb ölkələri məhz Azərbaycanla münasibətləri nəzərə alaraq, işğalçı Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edirlər. Rusiya ilə İsraili bir kənara qoyaq. Həmin ərəb dövlətlərinin və Ermənistanı ayaqda saxlamaq üçün əlindən gələni edən “İslam Respublikası” İranın mövqeyinə baxıb, müqayisə aparın. Yəqin ki, hər şey aydın oldu.
Yeniçağ.Az Araşdırma Qrupu
www.yenicag.az