“Xarici təcrübəyə baxdıqda, Rusiyada “Car sharing” xidməti 10-11 qəpikdən başlayan qiymətlərlə tənzimlənir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Car sharing” tətbiqinin perspektivliyi və ölkəmizdə tətbiqinin üstünlüklərindən danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib.
Onun sözlərinə görə, “Car sharing” Azərbaycan dilində tərcümədə avtomobil paylaşımı adlanır:
“Bu da təkmilləşdirilmiş taksi növlərindən biri sayılır. Bunun üstün cəhətləri ondan ibarətdir ki, yeni qanunvericiliyə uyğun olaraq, taksi fəaliyyəti göstərən bəzi nəqliyyat vasitələrinə məhdudiyyət qoyulduqda, taksilərin sayının azalması nəticəsində “Car sharing” xidməti həmin boşluqları dolduracaq. Bu da yeni növ, ekoloji təmiz, sırf elektriklə çalışan avtomobillərdir. Bu, platforma mobil tətbiq formasında olacaq”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, “Car sharing” tətbiqində cərimələr və qəzalar kim tərəfindən ödəniləcəyi, hansı formada həyata keçiriləcəyi hələ ki, sual altındadır:
“Car sharing” tətbiqində sürücülük hüququ haqqında məlumat, ödənişin kart vasitəsilə olması nəqliyyat vasitəsinin modelindən asılı olaraq, qiymətlər tənzimlənəcək. Məndə olan məlumata görə, qiymət bir dəqiqə üçün 60 qəpik civarında tənzimlənəcək. Bu təbii ki rəsmi qiymət deyil. Xarici təcrübəyə baxdıqda, Rusiyada “car sharing” xidməti 10-11 qəpikdən başlayan qiymətlərlə tənzimlənir. Bu da Rusiya ilə müqayisədə kifayət qədər çoxdur. Düşünürəm ki, bu qiymətə nəzarət edən hər hansı qurum tədbirlər görəcək ki, qiymətlər fantastik olmasın ki, istifadəçilər tam yararlana bilsinlər. Bu tətbiqdə nəqliyyat vasitəsinin ödənişinin bitməsinə az qaldıqda tətbiq özü məlumat verir ki, bir müddət sonra nəqliyyat vasitəsi park edilməlidir. Lakin “Car sharing” tətbiqində cərimələr və qəzalar kim tərəfindən ödəniləcəyi, hansı formada həyata keçiriləcəyi hələ ki, sual altındadır”. Bu sualı da “car sharing” tətbiqini Azərbaycana gətirən şirkətin cavablandırması daha məqsədəuyğun olar”.
İsmayıl Bakuvi
www.yenicag.az