“Azərbaycan ekoloji nəqliyyat vasitələri ilə bağlı ən dinamik iş görən ölkələrdən biridir ki, qısa vaxt ərzində böyük işlər görə bilib”.
Bu fikiləri Yenicag.az-a açıqlamasında Azərbaycanda elektromobillərə artan tələbat və bu istiqamətdə ölkəmizdə görülən işlər haqda danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev deyib.
Onun sözlərinə görə, elektromobillərlə bağlı Azərbaycanda həddindən artıq dinamik inkişaf var:
“İlk növbədə onu qeyd edim ki, dövlətin təsdiqlədiyi planlar – onların gömrükdən və ƏDV-dən azad olunması, onlarla bağlı istər özəl sektor, istərsə də dövlət tərəfindən olunan müəyyən güzəştlərin elektromobillərin təbliğatı-təşviqatı yönündə böyük rol oynadı. Digər məsələlərə gəldikdə, hazırda infrastrukturun qurulması istiqamətində işlər gedir. Hazırda COP29 tədbirinə qədər Bakıda 170 və bölgələrdə 177 ədəd enerji doldurma məntəqələrinin quraşdırılmasına start verilib. Bundan başqa, özəl sektorun da bu istiqamətdə rolu var. İstər Bakıda, istərsə də bölgələrdə öz müştəriləri üçün xüsusi olaraq elektrik doldurma məntəqələrinin istifadəsini həyata keçirir”.
E.Əliyev qeyd edib ki, bu istiqamətdə özəl sektorun da rolu böyükdür:
“Bəzi avtomobil şirkətləri bölgələrdə öz müştəriləri üçün ödənişsiz olaraq müxtəlif istirahət mərkəzlərində kartla avtomobillərini enerji ilə doldura bilirlər. Bundan başqa, elektromobillərin ustalarının iş keyfiyyətinin artrılması məqsədi ilə rəsmi dillerlər tərəfindən ustalar istehsalçı zavodlarda xüsusi təlimlər keçirlər. Burada zavod nümayəndələri, servislər xüsusi təlimlərə cəlb edilir. Bu avtomobillərin ehtiyat hissələrinin anbarının möhkəmləndirilməsi məsələsində rəsmi dillerlər böyük diqqət ayırırlar. Qeyd edim ki, Azərbaycan ekoloji nəqliyyat vasitələıri ilə bağlı ən dinamik iş görən ölkələrdən biridir ki, qısa vaxt ərzində böyük işlər görə bilib”.
İsmayıl Bakuvi
www.yenicag.az